Bakı şəhərində kirayə mənzildə baş vermiş oğurluq faktı üzrə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hit.az xəbər verir ki, ittihama görə, hadisə 2026-cı ilin may ayında Nərimanov rayonu, Azadlıq prospektində yerləşən mənzildə baş verib. Təqsirləndirilən şəxs birlikdə yaşadığı rəfiqəsinə məxsus güzgülü dolabda saxlanılan dəmir pul qabından 840 manat pulu gizli şəkildə götürərək talayıb.
İş materiallarına əsasən, pul qabında ümumilikdə 4000 manat vəsait olub və sonradan 840 manatın çatışmadığı müəyyən edilib. Hadisədən sonra evdə olan əşyalar araşdırılarkən pulun çıxarılmasında istifadə edildiyi ehtimal edilən vasitə də aşkarlanıb.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, pul yalnız onun və evdə yaşayan şəxsin əlçatan olduğu yerdə saxlanılıb və itkin düşən məbləğə görə hüquq-mühafizə orqanlarına müraciət edilib. Daha sonra tərəflər arasında vurulan zərər tam ödənilib və zərərçəkmiş şikayətini geri götürüb.
Təqsirləndirilən şəxs – N.E.Q. ifadəsində əməli qismən etiraf edib, maddi çətinlik səbəbindən belə addım atdığını bildirib və peşman olduğunu qeyd edib.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında əməl sübuta yetirilib.
Məhkəmənin hökmü ilə N.E.Q. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi (oğurluq – özgənin əmlakını gizli talama) ilə təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Abbas


