Dənizdə boğulmamaq üçün bunlara DİQQƏT EDİN

HADİSƏ
13:18 / 08.07.2026
173

Hər yay mövsümü başlayanda su hövzələrində baş verən bədbəxt hadisələr yenidən gündəmə gəlir. 

Dənizlərdə, çaylarda, göllərdə və su kanallarında qeydə alınan boğulma faktları göstərir ki, təhlükə ilə bağlı edilən xəbərdarlıqlar hələ də arzu olunan nəticəni vermir. Mütəxəssislər hesab edirlər ki, bu faciələrin əksəriyyəti diqqətsizlik və təhlükəsizlik qaydalarına əməl olunmaması ilə əlaqədardır. 

Bəs boğulma hallarının artmasına səbəb olan əsas amillər hansılardır? İnsanların həyatını xilas etmək və bu cür faciələrin sayını azaltmaq üçün hansı qabaqlayıcı addımlar atılmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib ki, yay aylarında dənizdən təhlükəsiz istifadə etmək istəyən hər kəs ilk növbədə çimərlik seçiminə diqqət yetirməlidir: 

403906

“Üzmək üçün yalnız rəsmi qaydada fəaliyyət göstərən və təhlükəsizlik tələblərinə cavab verən çimərliklərə üstünlük verilməsi tövsiyə olunur. Nəzarət mexanizminin olmadığı ərazilər gözlənilməz təhlükələrə görə insanların həyatı üçün ciddi risk yaradır.

Dünya təcrübəsi də göstərir ki, suda baş verən faciələrin böyük hissəsi məhz belə ərazilərdə qeydə alınır. Hər il yüz minlərlə insan təkcə dənizdə deyil, həm də çay, göl, kanal və digər su hövzələrində boğularaq həyatını itirir. Aparılan müşahidələr göstərir ki, bu hadisələrin əksəriyyəti xilasedici xidməti olmayan və təhlükəsizlik baxımından qiymətləndirilməmiş məkanlarda baş verir”.

Ekspert bildirib ki, istifadəsinə icazə verilən çimərliklər isə mövsüm başlamazdan əvvəl hərtərəfli yoxlanışdan keçirilir: 

“Sahilboyu ərazi, dənizin dibi, suyun vəziyyəti və insanların təhlükəsizliyini təmin edən vasitələr müvafiq qurumlar tərəfindən qiymətləndirilir. Bütün tələblər yerinə yetirildikdən sonra həmin çimərliklərin istifadəsinə razılıq verilir”.

E.Nurəliyevin sözlərinə görə, dənizdə təhlükəsizlik baxımından hava amili də xüsusi əhəmiyyət daşıyır: 

“Güclü külək, iri dalğalar və görünüşün zəifləməsi suya girən şəxslərin həyatını təhlükə altına sala bilər. Boğulma hallarının böyük hissəsi məhz əlverişsiz hava şəraitində baş verir. Buna görə də küləyin sürəti yüksək olduqda və ya hava qaraldıqdan sonra suya daxil olmaqdan çəkinmək vacibdir”.

Günel Cəlilova

0