İşsiz qaldı, tikinti materiallarını oğurladı

HADİSƏ
20:17 / 09.07.2026
47

Şəki Rayon Məhkəməsində yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməkdə təqsirləndirilən şəxs barəsində hökm elan edilib.

Hit.az xəbərə verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ilin əvvəlində Şəki şəhərinin 104-cü kvartalında yerləşən, tikintisi başa çatmamış fərdi yaşayış evinin həyətinə qapı yerində olan məftil toru açaraq qanunsuz daxil olub.

İttihama görə, o, həyətdə saxlanılan 12 kisə "Norm" markalı sementi, bir ədəd "Kalbr" markalı otbiçən maşınını, "Topbona" markalı əl mişarını, həmçinin evə daxil olaraq "Bosch" markalı elektrik drelini, "Super Karpat" markalı sement qarışdıran mikseri, mikser başlığını və 25 metrlik elektrik kabelini oğurlayıb. Nəticədə zərərçəkmişə ümumilikdə 568 manat maddi ziyan dəyib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilib. O bildirib ki, daimi iş yeri olmayıb, iş tapmaqda çətinlik çəkdiyi üçün maddi sıxıntı yaşayırdı. Onun sözlərinə görə, metal yığaraq dolanmağa çalışıb, lakin pulu olmadığından tikinti materiallarını oğurlayıb satmaq qərarına gəlib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (yaşayış sahəsinə və ya digər saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Abbas 
 

0