Bakıda 1350 manat dəyərində elektrik velosipedin yoxa çıxması ilə bağlı məhkəmədə maraqlı ifadə verilib. Təqsirləndirilən şəxs velosipedi oğurlamaq niyyətinin olmadığını, onu sadəcə sürmək üçün götürdüyünü, daha sonra isə başqa şəxsə hədiyyə etdiyini bildirib.
Hit.az xəbər verir ki, iş materiallarına əsasən, hadisə 2025-ci ilin oktyabr ayında saat 22:57 radələrində “Al market” mağazasının qarşısında baş verib.
İttihama görə, təqsirləndirilən şəxs ətrafda onu görə biləcək şəxslərin olmadığından əmin olduqdan sonra mağazanın qarşısında saxlanılan qara rəngli, “Youliyo” markalı, təkərlərinin ölçüsü 26 olan elektrik velosipedi gizli şəkildə götürüb. Velosipedin dəyərinin 1350 manat olduğu bildirilib.
Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, iş yerinin yaxınlığındakı “Al market”in qarşısına gəlib velosipedi saxlayaraq mağazaya daxil olub. Daha sonra velosipedi unutduğunu xatırlayıb əraziyə qayıdıb və müşahidə kameralarına baxarkən onun götürüldüyünü görüb. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə zamanı içkili olub və özündə olmayıb. Onun sözlərinə görə, velosipedi oğurlamaq məqsədi ilə deyil, sadəcə sürmək üçün götürüb.
Təqsirləndirilən şəxs qeyd edib ki, velosipedi səhərə qədər sürüb, daha sonra isə onu başqa şəxsə hədiyyə edib. O, velosipedi sahibinə qaytara bilmədiyini, lakin vurulmuş zərəri ödəmək istədiyini bildirib.
Məhkəmə araşdırması zamanı hadisə ilə bağlı video-müşahidə görüntüləri və digər sübutlar tədqiq edilib. Məhkəmə həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini təsdiqlənmiş hesab edib.
Qərara əsasən, şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Məhkəmə əvvəlki hökm üzrə təyin edilmiş cəzanı da nəzərə alaraq cəzaları qismən toplamaq yolu ilə yekun cəza müəyyən edib. Nəticədə təqsirləndirilən şəxsin üzərində 2 il 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Abbas

