Satış nümayəndəsi kimi çalışdığı şirkətə məxsus məhsulların satışından əldə olunan 45 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb.
Hit.az xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabrınadək satış üzrə nümayəndə-menecer vəzifəsində işləyərkən ona etibar edilmiş məhsulların satışını həyata keçirib. O, şirkətə qaytarmalı olduğu pul vəsaitlərinin bir hissəsini kassaya mədaxil etməyərək öz şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmə materiallarında göstərilib ki, təqsirləndirilən şəxsə ümumilikdə 125 min manatdan çox dəyərində məhsul vəsaiti etibar edilib. O, həmin məhsulları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən satış nöqtələrinə paylayıb.
İddia olunur ki, satışdan əldə olunan vəsaitlərin 45 558 manat 90 qəpiyini şirkətə təqdim etməyərək mənimsəyib və bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O bildirib ki, ittihamda qeyd olunan satış nöqtələrinin ödənişlərini kart vasitəsilə həyata keçirib.
Lakin məhkəmə toplanmış sübutları, o cümlədən digər materialları araşdıraraq onun əməlini Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə və təkrar törədilmə əlamətləri ilə) təqsirli hesab edib.
Hökmə əsasən, ona 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Təqsirləndirilən şəxsin əvvəlcədən həbsdə saxlanıldığı 18 gün müddət də nəzərə alınaraq, onun üzərində qəti olaraq 1 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Abbas


