Güclü ildırım zamanı gurultu bəzən o qədər yüksək olur ki, evin divarları belə titrəyirmiş kimi hiss edilir. Mütəxəssislərin sözlərinə görə, bunun səbəbi atmosferdə baş verən fiziki proseslərlə bağlıdır.
Hit.az xəbər verir ki, "Popular Science" nəşrinə danışan "Weather.com"un baş rəqəmsal meteoroloqu Conatan Belles bildirib ki, ildırım gurultusu şimşək çaxmasından sonra yaranan səs dalğasıdır. Şimşək havanı təxminən 30 min dərəcə Selsiyə qədər qızdırır ki, bu da Günəşin səthindən təxminən beş dəfə yüksək temperaturdur.
Bu qədər güclü qızma nəticəsində hava ani şəkildə genişlənir, daha sonra isə sürətlə soyuyaraq sıxılır. Məhz yaranan zərbə dalğası insan tərəfindən ildırım gurultusu kimi eşidilir.
Gurultunun nə qədər güclü eşidilməsi bir neçə amildən asılıdır.
Dağlıq ərazilərdə və vadilərdə səs dağ yamaclarından dəfələrlə əks olunduğu üçün gurultu daha uzun və güclü səslənə bilər.
Buna temperatur inversiyası da təsir göstərə bilər. Bu hadisə isti hava qatının soyuq hava qatının üzərində yerləşməsi zamanı baş verir. Belə vəziyyətdə səs dalğaları yer səthi ilə isti hava qatı arasında "tələyə düşür" və nəticədə ildırım gurultusu daha gur eşidilir.
Adətən ildırım gurultusu 15–25 kilometr məsafədən eşidilir. Əlverişli şəraitdə isə onu daha uzaqdan da ayırd etmək mümkündür. Şimşəyin işığı isə daha böyük məsafədən görünür. Gecə vaxtı onu 160 kilometrdən çox uzaqlıqdan belə müşahidə etmək olar.
Meteoroloqun sözlərinə görə, gurultunun eşidilməsi tufanın təhlükəli dərəcədə yaxın olduğunu göstərir. Şimşək yağış buludlarından xeyli uzaqda da yerə çaxa bildiyi üçün ilk gurultu səsləri eşidilən kimi təhlükəsiz qapalı məkana sığınmaq tövsiyə olunur.
İldırım gurultusunun ayrıca növləri olmasa da, onun səslənməsi şimşəyin xüsusiyyətlərindən asılıdır. Fırtına buludlarının yuxarı hissəsində yaranan xüsusilə güclü şimşəklər bir neçə dəfə çox enerji daşıdığı üçün daha yüksək gurultu yaradır.
Şimşək çox yaxın məsafəyə düşdükdə kəskin və qulaqbatırıcı partlayış səsi eşidilir. Daha uzaq məsafədə baş verən boşalmalar isə uzun və alçaq tonlu gurultu kimi qəbul olunur.
Samir


