Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin də daxil olmaqla səkkiz nəfər dələduzluq və qəsdən adam öldürmə ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məhkəmə materiallarına istinadən məlumat yayıb.
Sənədlərə əsasən, Elvin Paşayevə xüsusilə külli miqdarda dələduzluğa cəhd ittihamı irəli sürülüb. Hazırda o, istintaq təcridxanasındadır.
Hüquq-mühafizə orqanlarındakı mənbə "RİA Novosti"yə bildirib ki, Paşayevin oğlu hüquqşünas kimi sahibinin itkin düşməsindən sonra mənzilin satışı ilə bağlı sövdələşməni müşayiət edib. İstintaqın versiyasına görə, həmin şəxs iş üzrə digər fiqurantlar tərəfindən öldürülə bilərdi. Ölüm səbəbini müəyyənləşdirmək üçün yaxın vaxtlarda meyitin eksqumasiyası aparılacaq.
Sabiq vəkil Elman Paşayev aktyor Mixail Yefremovun müdafiəsi və “marafonlar kraliçası” Yelena Blinovskayanın aldadılması ilə bağlı qalmaqallı işlərdə iştirakı ilə tanınır. O, yaxın zamanda dələduzluq işi üzrə məhkəmə qarşısına çıxacaq.


