Gənc oğlan əlil xalasının pullarını oğurlayıb içkiyə və əyləncəyə xərclədi – TƏFƏRRÜAT

HADİSƏ
20:39 / 26.08.2026
29

Bakının Xətai rayonunda 28 yaşlı oğlan qohumunun evindən oğurluqda ittiham olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Əli İmanov xalası Gülərin Xətai rayonundakı mənzilinin giriş qapısını nənəsinin gödəkçəsinin cibindən götürdüyü açarla açıb, 8000 manat nagd pulu oğurlayıb.

Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahatında Əli özünü təqsirli bilib, ifadəsində göstərib ki, 2026-cı il fevral ayının əvvəllərindən nənəsi Əminə və xalası Güllərin yanına gedib, onlarda yaşayıb: “Xalam 1-ci qrup əlildir, yeriyə bilmir. Nənəm ona qulluq edir”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü saat 11 radələrində o, nənəsi və xalası uzaq qohumlarının Badamdar qəsəbəsindəki hüzr yerinə gediblər: “Xalam taksi çağırdı. Onu evdən həyətə düşürüb taksiyə mindirdik. Üçümüz Badamdara getdik. Onları hüzr yerində qoyub taksi ilə yenidən nənəmin yaşadığı evə gəldim. Məqsədim xalamın pullarını oğurlamaq idi.

Bilirdim ki, xalam pulları yataq otağındakı dolabda selofanın içərisində gizlədir. Hüzr yerinə getməmişdən qabaq nənəmin gödəkçəsinin cibindən mənzilin bir açarını götürmüşdüm.

Saat 13 radələrində mənzilin giriş qapısını açdım, yataq otağına girdim. Dolabda olan narıncı sellofanı açanda gördüm ki, kağızın arasında 100-lük əskinazlar var. Kağızın arxa hissəsində 9 rəqəmi yazılmış.dı. Elə bildim, cəmi 9000 manatdır, sayanda gördüm, 8000-dir. Pulları gödəkçəmin iç cibinə qoydum, başqa heç nə tapmadım”.

Əli bildirib ki, 8000 manatı götürdükdən sonra Badamdar qəsəbəsinə, hüzr yerinə gedib: “Saat 17 radələrində nənəm və xalamla birlikdə taksidə evə gəldik. Xalama dedim ki, "Həzi Aslanov" metrosunun yanına gedib, 1 saat sonra qayıdacam.

Metronun yana getdim, orada yemək yedim. Xalam Güllər zəng etdi, oğurladığım pulları qaytarmağımı istədi. Pulları oğurlamağımı inkar etdim, dedim, gözləyin, evə gəlirəm”.

Əli qeyd edib ki, xalasıgilə gəlib, söhbət zamanı pulları oğurladığını boynuma almayıb: "Evdən çıxıb metronun yana getdim. Bankomat vasitəsi ilə 280 manat kreditimi ödədim. Sonra şəhərə getdim, pulları xərcləməyə başladım. Gecə xalam yenə zəng edəndə pulları oğurladığımı etiraf etdim, qaytaracağımı dedim.

Pulları şəhərdə içkiyə və müxtəlif əyləncələrə xərcləməyə başladım. Səhər açılan kimi özümə pal-paltar, bir ədəd “Samsung”, bir ədəd “Filips” markalı mobil telefon aldım”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Bilgəhdə gündəlik ev tutub və orada yaşamağa başlayıb: “Orada təxminən 1000 manata yaxın pul xərclədim. Sonra Şüvəlan qəsəbəsində günü 250 manata həyət evi kirayə götürdüm. Xalama məxsus 8000 manat pulu ehtiyacım üzündən oğurlamışam, evdən başqa heç nə götürməmişəm”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, dəymiş ziyan tamamilə ödəndiyini və zərərçəkmiş şəxslə barışdığını deyib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Əli 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Ona cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.
 

0