Sursat anbarındakı partlayışdan sonra Goranboyda vəziyyət necədir?

HADİSƏ
10:51 / 02.09.2026
80

Goranboyda silah-sursat anbarında yanğın hadisəsinin ərazisinin genişləndirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilib.

HİT.az "Report"a istinadən xəbər verir ki, bunu Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov jurnalistlərə açıqlamasında deyib.

O, rayonun Nizami kəndi ərazisində yanğınla nəticələnən partlayış hadisəsindən sonra dərhal Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının toplanışının keçirildiyini qeyd edib:

"Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanılıb".

O qeyd edib ki, hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aidiyyəti qurumlar yanğının ərazisinin genişləndirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilib:

"Goranboyda baş vermiş hadisə zamanı əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib, əhali tam təhlükəsiz qaydada yaxın ərazilərə köçürülüb".

S.Nazarov kənddə rayon icra hakimiyyəti və polis şöbəsi əməkdaşlarından ibarət stasionar postların quraşdırıldığını qeyd edib:

"Kəndlərin giriş-çıxışında təhlükəsizlik qaydalarına tam riayət olunur. Heç bir fəsad qeydə alınmayıb, tələfat yoxdur, heç bir ciddi itki qeydə alınmayıb. Əhali tam təhlükəsiz şəraitdə saxlanılır. Yanğının söndürülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar birgə fəaliyyət göstərirlər".

Seymur Nəzərov bildirib ki, sursat anbarında baş verən yanğından sonra sakinlərin evlərinə hər hansı ziyan dəyməyib. Onun sözlərinə görə, yanğın hazırda davam edir: "Müəyyən partlayış səsləri də eşidilir. Əlavə məlumat olarsa, bu barədə ictimaiyyətə bildiriləcək".

0