Bakının Ramana qəsəbəsində torpaq alıb, üzərində fərdi yaşayış evləri tikərək baha qiymətə satmaq və yüksək gəlir əldə etmək vədi ilə tanışından ümumilikdə 117 min manat pul aldığı iddia edilən şəxs barəsində hökm çıxarılıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli bilib.
İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək Ramana qəsəbəsində boş torpaq sahələri alacağını, həmin ərazilərdə fərdi yaşayış evləri tikdirəcəyini və daha baha qiymətə sataraq yüksək gəlir əldə edəcəklərini vəd edib.
Bu məqsədlə zərərçəkmiş şəxsdən 40 min manat, həmin ilin sentyabrında isə daha 30 099 manat nağd pul alıb. Bundan sonra müxtəlif tarixlərdə “mpay” terminalı və bank tətbiqi vasitəsilə də pul köçürmələri həyata keçirilib. İttiham aktında zərərçəkmiş şəxsdən alınan vəsaitlərin ümumi məbləğinin 117 min manat olduğu göstərilib.
Məhkəmə materiallarına əsasən, ödənişlərin bir hissəsi təqsirləndirilən şəxsin tanışı Turqutun adına olan bank kartına göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamla özünü qismən təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş şəxslə qeyri-rəsmi ailə münasibətində yaşayıb. Onun sözlərinə görə, aralarında münasibət olduğu dövrdə zərərçəkmiş şəxsin müxtəlif əmlak alqı-satqısı ilə bağlı planları olub.
Müttəhim iddia edib ki, zərərçəkmiş şəxs öz evini satmaq istəyib və onun vasitəsilə ev 130 min manata satılıb. Bu məbləğin 60 min manatının ödənildiyini, qalan 70 min manatın isə sonradan verilməsinin razılaşdırıldığını bildirib.
Onun sözlərinə görə, aldığı 60 min manatın bir hissəsini borclarına ödəyib, 30 min manatını isə Xəlil adlı şəxs götürüb.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, zərərçəkmiş şəxsin kartına köçürülən vəsaitlərin bir qismi onun tapşırıqları ilə bağlı olub. O, birlikdə 500 ədəd “Xarko” cücəsi aldıqlarını, yem və baytar xərclərinin də onun kartına göndərilən pullarla qarşılandığını deyib.
Bundan başqa, zərərçəkmiş şəxsin aldığı “BYD” markalı avtomobilin yağdəyişmə xərcləri, ailə tədbirləri və digər ödənişlərlə bağlı da onun kartından istifadə edildiyini bildirib.
Zərərçəkmiş şəxs isə məhkəmədə təqsirləndirilən şəxslə 2023-cü ildə tanış olduğunu deyib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs özünü Ramana ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib. Daha sonra birlikdə torpaq alaraq həmin ərazidə ev tikmək və baha qiymətə satmaq barədə razılığa gəliblər.
Zərərçəkmiş şəxs ilk olaraq bu məqsədlə 40 min manat verdiyini bildirib. Daha sonra isə 30 min və 30 min manat olmaqla əlavə vəsait ödədiyini deyib.
Onun sözlərinə görə, torpaq sahəsinin rəsmi sənədləri olmayıb. Təqsirləndirilən şəxs isə qaz, su və işığın şəxsin adına keçirildiyini, gələcəkdə bələdiyyə sənədinin alınacağını bildirib.
Zərərçəkmiş şəxs həmçinin Ramana ərazisində yarımçıq tikili olan başqa bir evin də ona təklif edildiyini deyib. Həmin evin 47 min manata satıldığı bildirilib və evin alınıb təmir edilərək daha baha qiymətə satılması planlaşdırılıb.
Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin onunla münasibətləri pozulduqdan sonra şikayət etdiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Təyin olunmuş cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.


