“Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində geyim formaları və qaydaları ilə bağlı qərarlarının əsas məqsədi məktəblərdə intizamlı, səliqəli, bərabər təhsil mühiti yaratmaq və ümumi təhsilin dünyəvilik prinsipini qorumaqdır”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qərarlar həm şagirdlərin vahid məktəbli forması standartlarını, həm də təhsilverənlərin işgüzar geyim qaydalarını tənzimləyir:
“Bu tənzimləmənin daşıdığı müəyyən hədəflər var: şagirdlərin geyimlərinə görə müqayisə edilməsinin, maddi imkan fərqlərinin məktəb mühitində ön plana çıxmasının və bunun psixoloji təsirlərinin qarşısını almaq, təhsil müəssisələrində vahid nizami mühit formalaşdırmaqla diqqətin geyimə deyil, birbaşa öyrənmə prosesinə və tədrisə yönəlməsinə çalışmaq, geyim elementlərinin ümumi təhsilin dünyəvilik xarakterinə uyğunluğunu təmin etmək, təhsilalanların geyim formasının vahidliyini pozan kənar elementlərin istifadəsinə yol verməmək.
Həmçinin, müəllimlərin işgüzar üsluba uyğun geyinməsi vasitəsilə məktəbin ümumi korporativ mədəniyyətini gücləndirmək və müəllim peşəsinin ictimai nüfuzunu qorumaq da əsas hədəflərdəndir. Vahid geyim forması ilə bağlı qərara və monitorinqlər qarşı yönələn etirazların əsas məqsədləri və motivləri müxtəlif qrupların baxış bucaqlarına görə fərqlənir”.
Ekspert qeyd edib ki, bəzi xarici dairərlərin təsiri olan şəxslər məsələni konteksdən çıxararaq yeni qərarı “hicab qadağası” kimi təqdim edərək etiraz edirlər:
“Halbuki, qərarda birbaşa “hicab” sözü belə yoxdur. Görünür, İran mərkəzli və ya onunla əlaqəli dini-siyasi dairələr bu qərarı “hicab qadağası” kimi yozaraq Azərbaycana qarşı qara piar və çirkin kampaniya aparmağa çalışırlar. Aksiyalarda bəzi şəxslərin kütləni dini şüarlarla manipulyasiya etməyə cəhd göstərməsi xarici tezislərin ölkəyə idxalını açıq şəkildə biruzə verir.
Etiraz edən kəsim və bəzi valideynlər bu məsələnin İran və ya hər hansı digər xarici dövlətlə heç bir əlaqəsinin olmadığını iddia etsələr də, əslində artıq kimsəyə sirr deyil ki, aksiyaların təşkilatçılığında İran xüsusi xidmət orqanlarının əli var.
İranın Azərbaycana qarşı yönəlmiş gərginliyi artırma cəhdləri və təxribatçı fəaliyyətləri geosiyasi, regional təhlükəsizlik, iqtisadi və daxili siyasi faktorların mürəkkəb kəsişməsindən qaynaqlanır. İran rəsmiləri bəyan edirlər ki, regionda sərhədlərin dəyişdirilməsi onlar üçün “qırmızı xətt”dir. Zəngəzur dəhlizinin açılması ilə İran, Ermənistan vasitəsilə Avropaya və Rusiyaya çıxan birbaşa quru yolunun Azərbaycanın və ya Türkiyənin nəzarətinə keçə biləcəyindən narahatdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Tehran bu dəhlizi onun Şimal-Cənub tranzit marşrutlarındakı rolunu zəiflətmək və onu regional logistikadan kənarda qoymaq cəhdi kimi qiymətləndirir:
“İran Azərbaycanın İsrail ilə sıx hərbi, kəşfiyyat və iqtisadi əməkdaşlığından ciddi şəkildə narahatdır. Tehran hesab edir ki, İsrail Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat fəaliyyətləri aparmaq və ya gələcəkdə mümkün hərbi zərbələr üçün plasdarm kimi istifadə edə bilər. Azərbaycan tərəfi bu iddiaları qəti şəkildə rədd edərək öz ərazisindən üçüncü ölkələrə qarşı istifadəyə icazə verməyəcəyini dəfələrlə bəyan etsə də, bu amil İranın ritorikasında əsas bəhanələrdən biridir.
İranda milyonlarla etnik azərbaycanlı yaşayır. Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və regionda güclənən mövqeyi İrandakı soydaşlarımız arasında milli oyanışı və rəğbəti artırıb. İran rejimi güclü, dünyəvi və müstəqil Azərbaycan Respublikasının İrandakı azərbaycanlılar üçün cəlbedici mərkəzə çevrilməsindən və bunun gələcəkdə ölkə daxilində mərkəzdənqaçma meyllərini gücləndirə biləcəyindən qorxur. İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda hərbi və siyasi iştirakının kəskin artması İranın regiondakı tarixi nüfuz dairəsinə birbaşa rəqib yaradıb”.
B. Həsənbəyli vurğulayıb ki, İran “Türk birliyi” və ya “Turan” layihəsinin reallaşmasını öz milli təhlükəsizliyinə potensial təhdid kimi görür:
“İran uzun illərdir beynəlxalq sanksiyalar, ağır iqtisadi böhran və daxili etiraz aksiyaları ilə mübarizə aparır. Xarici düşmən obrazı yaratmaq və sərhəddə hərbi əzələ nümayiş etdirmək daxili auditoriyanın diqqətini daxili problemlərdən yayındırmaq üçün klassik üsullara əl atır.
İranın bu təxribatçı siyasəti bəzən diplomatik gərginliklər, bəzən media üzərindən aparılan informasiya müharibəsi, bəzən isə Azərbaycan daxilində radikal dini qruplar vasitəsilə sabitliyi pozmaq cəhdləri formasına keçir. Azərbaycan isə buna cavab olaraq öz milli maraqlarını qorumaq üçün həm hərbi hazırlığını artırır, həm də beynəlxalq müttəfiqləri ilə əlaqələrini gücləndirir”.
Elmir Mustafa



