Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanın iştirakı ilə 44 günlük müharibənin şəraitini öyrənmək üzrə komissiyanın iclası bağlı qapılar arxasında keçiriləcək.
HİT.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.
Daha əvvəl məlum olub ki, məhkəmə Tonoyanın komissiyanın müzakirəsində iştirakına icazə verib, o, cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə gedəcək. İclas iki gün - avqustun 1 və 2-də keçiriləcək.
Bir neçə ay əvvəl eks-nazir suallara yalnız televiziya kameraları qarşısında və baş nazir Nikol Paşinyanın iştirakı ilə cavab verməyə razılaşacağını bildirmişdi. Lakin indi, qəzetin yazdığı kimi, Tonoyan fikrini dəyişib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Bundan əvvəl komissiyaya keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş və indiki rəisləri - Onik Qasparyan və Edvard Asryan və digər yüksək rütbəli şəxslər dəvət olunub.
Samir