"Hazırkı siyasi və diplomatik görüşlərin getmədiyi bir dövrdə məhz Xocavənndə partlaması, itkilərin olması Azərbaycanı adekvat addımlar atmağa sövq edir".
Bu sözləri Hit.az-a açıqlamasında siyasi ekspert, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Azərbaycan öz təhlükəsizliyini və sülhü təmin etmək üçün kəskin addımlar atmalıdır:
"Məhz antiterror fəaliyyətinin aparılması, güclənməsi qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən cinayət hadisəsinə adekvat olmalıdır. Azərbaycan Beynəlxalq Antiteror Koalisiyasının çox etibarlı üzvü kimi bu antiteror əməliyyatını məhz beynəlxalq terrorizmlə mübarizə kimi gündəliyə daxil etməlidir. Müharibədən sonra sülh və nizamlanma prosesi çərçivəsində terror hadisəsinin törədilməsi ona dəlalət edir ki, Ermənistan sülh istəmir. Sadəcə olaraq, Azərbaycana qarşı çirkin planlarını həyata keçirməyə çalışırlar. Çünki Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun açılmasından bir neçə saat sonra bu terror hadisəsi baş verdi. Ermənistan da regionda məkrli və alçaq hərəkətlərə imza ataraq sülh istəməyən tərəflərin yanlnda yer alır".
Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarına qarşı terror törədilib. Bununla bağlı bağlı cinayət işi başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Aynur Əli