Onu xilas edəndə ölən atası ilə qoşa dəfn olundu - Şəhid polisin acı həyat hekayəsi

HƏRBİ
12:13 / 20.09.2023
984

O, Qarabağa asayişi qorumağa getmişdi. Gedərkən şəhidlik zirvəsinə ucalacağını, bu yolun son səfəri olduğunu bilirdimi görəsən? Bu gün geriyə Azərbaycan bayrağına sarılmış nəşi gətirilib. Şəhidimiz var, Vətən, başın sağ olsun! Uğrunda daha bir balan, polis serjantı Xəzər Zamanov can verdi.

Lent.az erməni terroru nəticəsində şəhid olmuş polis əməkdaşı Xəzər Zamanovun kədərli həyat hekayəsi təqdim edir:

Xəzər körpə yaşlarında atası Azər kişi ilə dənizə gedir. Dənizdə üzərkən dalğalar balaca Xəzəri çəkib aparır, o boğulmağa başlayır. Atası sahildən xeyli uzaqlaşmış oğlunu dəli dalğaların arasından xilas etməyə çalışır, onu xilas edir, lakin özü boğulur. Oğlunu qolları üzərində sahilə qədər çatdırıb, özü can verir. Oğluna Xəzər adını verəndə Xəzərin qurbanına çevriləcəyini bilirdimi Azər? Yəqin ki yox...

Bu hadisə oğlunda dərin yaralar açmışdı. Ehtiyac içində böyüyən Xəzər ağlı kəsəndən ailəsinin yükünü çiyinlərində daşıyırdı. Atası Xəzəri ölümdən xilas etsə də özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir. Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir. Polis seçimlərindən keçib, formasını əyninə geyinəndə dünyalar onun olmuşdu. Çox sevinmişdi.  Həyatı yeni-yeni axarına düşürdü. 5 ay əvvəl evlənmişdi, övlad yolu gözləyirdi... 

Bu gün Xəzər illər öncə onu ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında, Sədərək qəbiristanlığında dəfn olundu.

Xəzər Zamanovun əmisi Aydın Zamanov da 90-cı illərdə Sədərək döyüşləri zamanı şəhid olub.

0