"Özünüzdən muğayat olun demişdi, o, özündən muğayat ola bilmədi" - Şəhid qardaşı

HƏRBİ
16:38 / 27.09.2023
412

Bu gün İkinci Qarabağ Müharibəsinin başlamasından 3 il ötür. Zəfər tariximizdə əsas payı olan igidlərimizdən biri də Ziyadxan Əliyevdir.

Onun qardaşı Orxan Əliyev Hit.az-a açıqlamasında qardaşının qəhrəmanlığından danışıb:

"Ziyadxan milliyyətçi idi. Özümüz milliyətçi bir ailədə böyümüşük. Vətənpərvər, vətənini sevən biri olub. Mənim onunla axırıncı söhbətimiz sentyabrın 20-də olmuşdu. Hal-əhval tutmuşduq, yaxşı olduğunu demişdi. Sentyabrın 30-da isə atamgillə danışıb. Deyib ki, əsas  bu 1 həftədir, narahat olmayın, özünüzdən muğayat olun. Amma o, özündən muğayat ola bilmədi, şəhid oldu. İlk şəhid xəbərini valideynim çatdırdı. Demədilər, şəhid olub, yalnız dedilər ki, evə gəl. Evə gələndə atamgil dedi ki, Ziyadxan şəhid olub. Mən yaralı olduğunu fikirləşirdim, şəhid xəbəri gəldi. Özü sanitar idi, hərbçi yoldaşlarını xilas edən vaxt əvvəlcə snayperlə vurulmuşdu, daha sonra minemyot atmışdılar. Sentyabrın 30-da yaralıları çıxardanda düşmən hərbi tibbi maşını vurmuşdu. Daha sonra ayağından yaralanmışdı və xəstəxanaya yerləşdirimişdi. Lakin gəlib deyirlər ki, şəxsi heyət çatmır, kim gedə bilər? Ziyadxan deyib ki, mən gedərəm. Yenə gedəndə tibbi maşını vurublar, sürücü və yanlarındakı komandir şəhid olub. Ziyadxan maşından çıxıb ki, mən yaralıları çıxartmağa gedirəm. İki yaralımızı çıxardıb, üçüncünü çıxaranda düşmən snayperlə vurub. Nə çıxartdığı yaralılar, nə də özü sağ qalıb, şəhid olub".

Qeyd edək ki, Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən idi. 2003-2012-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonunun Fərcan kənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.

Ziyadxan Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Ziyadxan Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırdı. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub. Könüllü olaraq döyüş meydanına yollanan Ziyadxan Əliyev, yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub. Kürdəmirin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıladığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ziyadxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyadxan Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Aynur Əli

0