Suqovuşan düşməndən necə azad edilib? - Tarixi əməliyyatın detalları

HƏRBİ
20:57 / 03.10.2023
538

"Suqovuşan bizim üçün Murovdağ yüksəkliyindən sonra icra edəcəyimiz döyüş tapşırıqları siyahısında idi. Düzdür, istiqamət üzrə ön xəttin yarılmasında iştirak etməmişəm, amma sözügedən ərazidə taktiki yüksəklikləri düşmən işğalından azad etmək xüsusi təyinatlı kəşfiyyat bölüyü olaraq öhdəmizə düşürdü.

Yəni strateji nöqtələri azad edib, Suqovuşana canlı qüvvənin və döyüş texnikalarının keçidini təmin etməliydik.  

Ərazi mühitinə uyğun olaraq ilk azad etməli olduğumuz yüksəklik isə 951 yüksəkliyi idi. Biz bu yüksəkliyə getmək üçün iki gecə yağış altında yatıb qaldıq. Komandir heyəti ilə məsləhətləşmələrdən sonra səhər saatlarında hərəkətə başlamalı idik. Ancaq düşmən bizi görüb "komando, komando", deyə qışqırırdı.

Lakin, biz marşurut istiqamətini dəyişərək sıldırım yerlərlə qalxıb, düşmənin gözləmədiyi bir yerdən onlara yaxınlaşdıq.  

Uzaq məsafəmiz yadımda deyil, ancaq ən yaxın məsafəmiz beş-on metr idi. Şiddətli döyüş başladı. Yaralılarımız olmasına baxmayaraq 50 nəfərə yaxın düşmən silahlısını məhv etdik. Döyüş nə qədər ağır getsə də, bizimlə davam edən yaralı yoldaşlarımızın deyib-gülməsi bizi daha da ruhlandırırdı". 

Suqovuşanın azad edilməsi hərbi əməliyyatını özəl olaraq qazi, zabit Ağayev Qəzənfər Mahmud oğlu bu fikirləri Bizim.Media-ya açıqlamasında deyib. 

Qəzənfər Ağayev Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanıdır. O, 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində anadan olub.

Ailə tərbiyəsi, torpaqlarımızın işğal altında olması və qazi əmisi onu hərbi təhsil almağa aparan yollarda mayak olub.  

Kəşfiyyatçı zabit 44 günlük müharibəyə "N" saylı əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı bölüyünün tərkibində, qrup komandiri kimi qatılıb.  

O, bildirir ki, ümumiyyətlə əməliyyatların planına əsasən bir cəbhədə hücumun sürətinin daha effektiv olması üçün onların bölmələri qismən irəliləmələr etməklə və aldadıcı manevrlərlə düşmənə itkilər verdirib onların başını qatmaq idi:  

"Nəyin bahasına olursa-olsun, biz qarşıya qoyulan tapşırıqları icra etməliydik. Düzdü, qorxusuz insan yoxdur. Qorxu hissi hərkəsdə var. Əsas olan o hissi idarə etməkdir. Mən öz bölməmizin bütün şəxsi heyətində onu görürdüm. Onlar qorxu hissini idarə etməyi, yüksək cəsarətlə döyüşməyi bacardı. Bölüyün verdiyi bütün şəhidlərin qisası elə həmin döyüşdəcə alınırdı".  

Suqovuşanın tam azad edilməsi üçün ən vacib amillərdən biri ətraf yüksəklikləri düşməndən təmizləmək idi.

Əlahiddə tabor strateji "530" və digər istiqamətlərdə də uğurlu əməliyyatlara imza atır. Lakin sözügedən nöqtələrin azad edilməsi amansız döyüşlər nəticəsində mümkün oldu: 

""530" yüksəkliyinə doğru hərəkət edəndə düşmənin elit ordusu hesab edilən xüsusi təyinatlıları ilə qarşılaşdıq. Geyim formalarımız eyni olduğuna görə, komandanlığa məlumat verdik. Gələn məlumatda "sizin yaxınlığınızdan dost bölmələr yoxdur", deyildi. Bundan sonra ağır döyüşlər başladı. Müqavimət göstərməyi bacarsalar da, davamiyyət gətirə bilmədilər. Onlar da öz meyitlərini və silahlarını atıb geri çəkildilər". 

Artıq əsl sahiblərinin Suqovuşana qovuşduğu gündən 3 il ötür. İgid oğulların qanı, canı bahasına, Ali Baş Komandanın siyasi iradəsi nəticəsində Azərbaycan bayrağı əzəli torpaqda məğrurca dalğalanır. Həmsöhbətimiz, Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayevin təbirincə desək “biz dünyaya güclü və qalib olduğumuzu həmişəlik sübut etdik”.  

0