Azərbaycan və Türkiyə orduları növbəti dəfə birgə hərbi təlim keçirəcək.
Belə ki, Azərbaycanda Türkiyənin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizə gəlib. 23-25 oktyabr tarixlərində Bakı, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan və Türkiyə hərbçiləri arasında birgə taktiki təlim keçiriləcəyi açıqlanıb.
Bu isə ekspertlər tərəfindən Azərbaycan və Türkiyə düşmənlərinə qarşı gözdağı kimi dəyərləndirilir.
Politoloq Elçin Abdullayev HİT.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə hərbçilərinin birgə təlimini bundan öncə keçirilən təlimlərin davamı kimi də qiymətləndirmək olar:
"Yeni dünya düzəni fonunda artıq qlobal anlamda bir çalxalanma baş verir. O cümlədən, bizim region da həssas və kövrək dönəmə qədəm qoyub. Belə olduğu halda, Azərbaycan və Türkiyə ordularının bu cür təlimlər keçirməsi vacibdir. Çünki həm Azərbaycan, həm də Türkiyə hərbçiləri təlim keçirməklə ərazilərə yaxşı bələd olmalıdırlar. Nəzərə almaq lazımdır ki, hər an regionda hansısa qarşılıqlıq baş verə bilər.
Baxmayaraq ki, Azərbaycan 15 oktyabrda Xankəndinə bayraq sancmaqla tam olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da Qarabağ məsələsinə bir nöqtə qoyuldu".
Ekspertin sözlərinə görə, yeni dünya nizamı formalaşana qədər hər an ayıq olmalıyıq:
"Çünki Azərbaycan və Türkiyənin ayaqda qalmasını istəməyən düşmən dövlətlər var. Onlara bu fürsəti verməməliyik. Şübhəsiz ki, bu fürsəti verməyəcək əsas qüvvə bizim ordularımızdır. Ona görə də belə təlimlərin davamlı olmasını və bunun düşmənlərə gözdağı verməsini arzulayanlardanam".
Pərviz