Fransa Ermənistanı silahlandırmaqda davam edir

HƏRBİ
15:20 / 03.12.2023
503

Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.

“Report” xəbər verir ki, siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək.

Qeyd olunur ki, Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyen Lekornu Fransanın üç ədəd GM 200 radarının satışı və “Mistral” zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək.

Qeyd edək ki, Fransa və Ermənistan müdafiə nazirləri “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.

0