Yeni müharibəni kim istəyir?

HƏRBİ
21:59 / 11.12.2023
448

30 illik rekord: 2023-cü ildə dünyada 183 regional münaqişə var.

2023-cü ildə dünyada aktiv olan 183 regional silahlı münaqişə var ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. Bunu Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (The International Institute for Strategic Studie, IISS) hazırladığı illik münaqişələr hesabatındakı rəqəmsər sübut edir.

İcmal müəlliflərinin fikrincə, müasir qlobal münaqişə mənzərəsinin müəyyənedici xüsusiyyəti onların həll olunmazlığına çevrilib. IISS-in hesablamalarına görə, təkcə münaqişələrin sayı deyil, həm də onların intensivliyi artır: ölənlərin sayı 14%, zorakılıq hadisələrinin sayı 28% artıb.

IISS Ukrayna, Qəzza zolağı, Suriya, İraq, Cənubi Livan və Əfqanıstan da daxil olmaqla, münaqişələrin davam etdiyi ölkələri siyahıya alıb.

Arraşdırmada və sonrakı hesabatda sadəcə, regional münaqişələr təhlil olunub. Qlobal geosiyasət müstəvisində ABŞ, RUsiya və Çin arasındakı qarşıdurma nəzərə alınmadığından, İİSS hesabatı dolğun sayılmamalıdır.

Çağdaş qlobal geosiyasi landşaftın əsas ünsürü regional münaqişələrin həll edilməsinin ifrat çətinliyidir. Dünyanın bir çox yerlərindəki hərbi əməliyyatların, toqquşmaların və qarşıdurmaların dinc danışıqlar yolu ilə nizamlanması istiqamətində illərdən bəri müxtəlif təşəbbüslər olsa da, həll yolları görünmür.

Yaranmış vəziyyətin vəsilələri arasında xüsusi yeri münaqişələrə cəlb olunmuş tərəflərlə onları dəstəkləyən dövlətlərin və qüvvələrin sayının artması, motivlərin çoxalaraq mürəkkəbləşməsi, qlobal geosiyasətdəki dəyişikliklər və böyük güclərin strategiyalarındakı kəskin fərqlərdir.

Münaqişələrinr səbəbləri, məzmunları, mahiyyətləri və sonucları arasında da kəskin fərqlər var. Məsələn, Cənubi və Mərkəzi Amerikalardakı regional münaqişələrin əksəriyyəti kriminal qruplaşmalar, xüsusilə də narkokartellər arasındakı qarşıdurmalarla bağlıdırsa, Avrasiyadakı münaqişələrin əsasında sabiq SSRİ dağılandan sonra yaranmış ərazi və s. mübahisələr var.

Həmin münaqişələr arasında Ukrayna, Qəzza bölgəsi, Suriya, Braziliya, Myanma, Meksika, İraq, Cənubi Sudan, Cənubi Livan, Somali və Əfqanıstandakı proseslər yer alıb.

Münaqişələrin sayının çoxluğu Birinci və ya İkinci Dünya Müharibələri kimi qlobal toqquşmaların zəmini sayıla bilməsə də, bir sıra ölkələrin hökumət və dövlət başçıları, habelə siyasi elitaları savaşı siyasətin faydalı aləti saymağa davam edir. Belə düşüncə tərzinin faciəli sonucları ola bilər.

Eyni zamanda, qlobal iqlim dəyişiklikləri də münaqişələrin səbəblərindən biri, əsas multiplikatorlardan hesab edir.

Bütün bunlar ciddi analitik təhlil təsiri bağışlaya bilər, amma belə deyil. Postsovet məkanındakı vəziyyət istənilən an partlayışa hazır barıt çəlləklərinin yığıldığı anbarı xatırladır. Elə həmin postsovet məkanında Azərbaycan ilk, hələlik yeganə dövlətdir ki, ərazisindəki separatizm bəlasının öhdəsindən gəlməklə onillərdən bəri davam edən Qarabağ münaqişəsinə son qoyub.

Qərb analitikləri, o cümlədən İİSS ekspertləri həmişə bəyan edirdilər ki, Qarabağ münaqişəsi postsovet məkanındakı məhəlli konfliktlərdən biridir. Halbuki, sözügedən yanaşma tərzi kökündən yanlış olmaqla yanaşı, işğalçı ilə işğala məruz qalmış tərəf arasında fərq qoymayan kollektiv Qərbin mövqelərinə de-yure və de-fakto haqq qazandırırdı.

Qarabağdakı ermənilərin 1985-ci ildə başladıqları və "Dağlıq Qarabağ münaqişəsi" kimi təqdim olunan separatçılığı əslində əsrlər əvvəl "Böyük Ermənistan," idefiksi ilə gündəmə gətirilmiş ifrat millətçilik, revanşizm və irqçilik ideyalarının məcmusu idi.

Azərbaycana qarşı sürəkli ərazi iddialarında olan ermənilər SSRİ tarixə qovuşandan dərhal sonra fəallaşdılar və iddialarını işğala çevirərək ərazilərimizin 20 faizini qəsb etdilər.

Münaqişə müharibəyə çevrilsə də, ATƏT və digər pan-Avropa strukturları, habelə beynəlxalq təşkilatlar erməni aqressiyasını "məhəlli münaqişə" qismində dəyərləndirdilər.

Daha sonra ermənilər bunu "dini münaqişə" qismində səciyyələndirərək işğalı "xristian ermənilərlə müsəlman azərbaycanlıların qarşıdurması" kimi təbliğ və təşviq etməyə başladılar. Həddən artıq təhlükəli, ən başlıcası isə tamamən saxta və absurd interpretasiya əfsuslar olsun ki, indi də Qərb ölkələrinin bir sıra təşkilatlarının bəyanatlarında, siyasətçilərinin açıqlamalarında yer alır.

Halbuki etnosid və urbisid siyasətini yürüdən, Azərbaycanın yaşayış məntəqələri ilə tarixi-mədəni abidələrini məhv edərək dini tikililərə (məscidlər, ziyarətgah yerləri və s.) divan tutan elə ermənilər olmuşdular. Münaqişənin dinc danışıqlar yolu ilə nizamlanması məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri məntiqlə, işğal edilmiş Azərbaycan ərazilərində yaşanan erməni vəhşiliyini araşdırmaqg, monitorinqlər aparmaq əvəzinə laqeyd seyrçi mövqeyi tutmuşdular.

Məhəlli və etnik münaqişələrin fərqlərini müxtəlif sənədlərdə, bəyanatlarda və açıqlamalarda çeşidli formatlarda qiymətləndirən BMT-dən tutmuş, ATƏT-in Minsk Qrupununadək bütün istiqamətlərdə görüləq işlərlə atılan addımların məqsədini unutmamışıq: Azərbaycan mütləq şəkildə qarabağlı ermənilərin separatizmini "tanımalı", Xankəndindəki xuntaya "ən geniş muxtariyyət" verməli idi.

"Nizamlanma prosesindəki variant"lar isə rəsmi Bakı qarşısında marazmatik şərt qoymuşdu: işğala uğramış ərazilərimizin 20 faizinin bir qismini azad etmək üçün sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi ilə yanaşı, Kəlbəcər və Laçın rayonlarını da birdəfəlik olaraq ermənilərə verməli idik.

Belə mübadiləni "münaqişənin dinc yolla həlli" kimi təqdim edir, Azərbaycana "münaqişənin hərbi yolla həlli yoxdur" mesajı verərək Bakıya aşkar təzyiq göstərir, bizi məğlub duruma salmağa çalışırdılar.

İİSS hesabatında bu barədə həbs olunmasa da, hazırda dünyanın müxtəlif bölgələrində yaşanan fərqli münaqişələrə Qərbin yanaşma tərzi dəyişməyib.

"Qızıl milyard"ın strategiyası stabildir: eynən "Qlobal Cənub"un tələbləri kimi.

Münaqişələrin formalaşmasına səbəb olan amillər, qarşıdurmaları yaradan triggerlər barədə beynəlxalq təşkilatlarla yanaşı, dövlətlər də qeyri-adekvat mövqelər tutublar.

Qlobal siyasi düzənin idarəetmə rıçaqları uğrunda faktiki olaraq, bir neçə dövlət mübarizə aparır və həmin mübarizənin fəsadları ayrı-ayrı tələblərlə istəklərin məcmusundan ibarət olan qeyri-rəsmi "davranış kodeks"lərinin yaranmasıdır.

Beləliklə, əsas problemin münaqişələr yox, onları doğuran səbəblər, müdaxilə tərəfləri, vasitələr və sonuclar olduğunu görürük.

Bəhs etdiyimiz hesabatda yer alan münaqişələrin qısa zamanda, effektiv şəkildə həll etməyən və ya etməkdən boyun qaçıran qüvvələr həm də yeni Qarabağ müharibəsi arzusunda olanlara aralarında yer veriblər.

Reallıq budur.

Elçin Alıoğlu
Trend.az

0