Qarabağ münaqişəsinin ilk şəhidinin məzarı tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məzar Ağdam rayonunun işğaldan azad edilmiş Qarağacı qəbirstanlığında tapılıb.
Şəhid Əli Kamal Oğlu Hacıyevin qardaşı Arif Hacıyev uzun müddət idi ki, məzarı axtardığını deyir. Qəbirstanlıq erməni vandalları tərəfindən tamamilə dağıdıldığı üçün axtarışlar nəticə verməyib.
Əməkdaşımızın da iştirak etdiyi axtarış zamanı məzar bu gün aşkar edilib.
Qeyd edək ki, Əli Hacıyev 1988-ci ildə Qarabağda yaşayan ermənilərin torpaq iddialarına qarşı aksiya zamanı şəhid olub. Həmin ilin 22 fevralında Ağdam şəhərindən Əsgəran qəsəbəsi istiqamətinə təşkil olunan dinc aksiya zamanı 23 yaşlı Əli Hacıyev və 16 yaşlı Bəxtiyar Quliyev ermənilər tərəfindən şəhid edilib.
Onu da əlavə edək ki, tamamilə dağıdılmış məzarın qalıqları hissə-hissə ətraf ərazidən tapılaraq toplanıb.