19 yaşında müharibədə yaralanan qadın baş leytenant: "Çox vaxt məni oğlanla səhv salırdılar"

HƏRBİ
23:00 / 26.06.2024
115

Xəbər verdiyimiz kimi bu gün İİyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 106 il ötür. 1918-ci ildə dövrün çətinliklərinə rəğmən qısa zamanda çox sayda zabit və əsgərlərimiz müqəddəs dəyərlər ətrafında birləşib güclü ordu qurmağa nail olublar.

Bir əsrdən çox yaşı olan, 44 günlük müharibəni zəfərlə bitirən Azərbaycan Milli Ordusunun əsas hissəsi kişilərdən ibarət olsa da orduda xidmət edən qadınlarımız da az deyil.

Vətənin çətin günlərində harayına yetən, ordu sıralarına könüllü yazılıb səngərə yollanan qadınlar olub.

Bizim.Medianın əməkdaşı onlardan biri, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, Fövqəladə Hallar Nazirliyinin (FNH) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) baş mütəxəssisi, xilasedicisi Kəmalə Qəhrəmanova ilə söhbətləşib.

Bir çağırışla 18 yaşında müharibəyə könüllü yollanan qəhrəmanımız gənc yaşda belə qərarın necə verildiyindən söhbət açıb:

“1991-ci ilin noyabr ayının 22-si Çingiz Mustafayev “215 KL” verilişi vasitəsilə elan verdi. O, hər kəsə səsləndi ki, sabah Şəhidlər Xiyabanının önündə sizləri gözləyirəm, vətənin sizə ehtiyacı var. Kim könüllü getmək istəyirsə, gəlsin. O könüllülərin sırasında mən də var idim. Həmişə özümə sual verirəm ki, həmin an o qərarı sən vermişdin, yoxsa artıq qərar hazır idi?! Yəni sadəcə o şərait, o şərtlər yaranmalı idi ki, sən o addımı atasan. Yenidən doğuldum, ilk nəfəs aldığım ana dönürəm. Bəlkə də qərar doğulduğum anda qədərimə yazılmışdı. Yəni gün gələcək bu körpə qızcığaz bir savaşçıya çevriləcəkdi.

1991-ci ildə o qərarı verəndə mənim artıq 18 yaşım vardı və yer kürəsində 18 illik bir zərif və oturuşmamış həyat təcrübəm vardı. Daha çox yeniyetməlikdən gənclik dövrünə keçid mərhələsində həyatın fərqində olmağa başladım. Həyata öz yaşıdlarım kimi baxmadığımın fərqində idim. Fərqli düşüncələrim, çox dərin suallarım yaranırdı. Fikirlərimi, öz dünyamı daha çox atamla paylaşırdım. Atam suallarımın qarşısında aciz qalırdı. Əvvəllər elə bilirdim ki, atam həyatda hər şeyi bilir. Amma sonra yaşa dolduqca anladım ki, bir insan ömrü hər şeyi bilməyə yetmir. Yaşım çatanda şəxsiyyət vəsiqəmi alıb, atama təqdim elədim. Atam dedi ki, qızım, həyat bir dəryadır, bu sahildən o sahilə yalnız mahir üzməyi bacaranlar keçə bilər. Mən də atamın məsləhətini nəzərə alaraq üzgüçülük, sambo dərslərinə yazılmışdım. Daha çox fiziki inkişafla bağlı proqramlara qoşulmuşdum. Qəşəng üzməyi bacarandan sonra bunu atamla bölüşdüm. Güldü və başa düşdü ki, onun məsləhətini fiziki mənada başa düşmüşəm. O öyrəndiyim hər şeyin mənə dəstək olacağını dedi”.

Müsahibimiz bütün bunlarla özünü bilərəkdən və bilməyərəkdən savaşa hazırladığını deyib:

“16 və 18 yaş aralığımdakı illər mənim üçün çox zəngin olub. Ətrafda maraqlı proseslər baş verirdi, bir quruluş dağılmaq üzrəydi, yenisi hələ yaranmamışdı. Orta məktəbdə bizə keçirilən dərslər, illuziyalar, qardaşlıq, dostluq, respublikaların birliyi, sosializm ideologiyası yavaş-yavaş beynimizdən parçalanıb tökülürdü. Analamadığımız yeni tarix qarşımıza çıxmışdı. Nələrin baş verdiyini bir gənc olaraq tam ayırd edə bilmirdim. Bircə onu bilirdim ki, hər gün daha çətinliyə doğru gedirik, dünya bizə qarşıdır. Dünyada bir millət olaraq ortalıqda tək qalmışıq. Əlimə keçən yeni nə varsa oxuyurdum ki, heç nəyi nəzərdən qaçırmayım, nələrin baş verdiyini anlayım.

Anlayırdım ki, savaş qaçılmazdır və mən özümü fiziki, mənəvi olaraq buna hazırlayırdım.

Atamla arada dərin söhbətlərə dalanda özümüz də bilmədən gedib müharibə mövzusuna çıxırdıq və atam mənə sual verirdi ki, həyatdı, birdən savaşmaq zorunda qalarsan, sənə qorxulu görünmür ki? Orada ölüm, itim, əsir düşmək, əzab var.

Nədənsə içimdən inadkar bir səs gəlirdi ki, yox, ata, mən hər şeyə hazıram. Valideynlərimə də çox minnətdaram ki, onlar mənim qərarlarımda yanımda olublar. Qərarlarımda sərbəst olduğum üçün bu ömür yolunu daha rahat getmişəm”.

Baş leytenant 18 yaşdan sonra onun üçün ömrünün tamamilə yeni dövrünün başlandığını vurğulayıb:

“1991-ci ilin noyabr ayından mənim başqa bir həyatım başlayır. Zərif, ürkək Kəmalə birdən -birə cəsarətli, ürəkli bir Kəmaləyə çevrilirdi. Daha çox kobudlaşırdı, sərt olurdu. Müharibə insanlığın ən ağır sınağıdır və sən orda özünü, içindəki qaranlığı, içindəki yırtıcını daha sürətlə tanımağa başlayırsan. Həmçinin də içimdəki qaranlığı gördükcə qorxularım çoxalmağa başlayırdı. Anlayırdım ki, bu qaranlıqdan keçib getmək lazımdır. Elə keçmək lazımdır ki, insanlığını özünlə bərabər xilas edə biləsən. Savaş meydanı belədir, ya sən orda ali mərtəbələrə can atacaqsan, ya da yerin altının zülmətinə enəcəksən”.

19 yaşında döyüşlərin birində yaralanan Kəmalə saçlarını qısa kəsdirib oğlan paltarı geyindiyi və silahdan yaxşı istifadə etdiyi üçün “Qəqəni” təxəllüsünü qazanıb:

“İlk dəfə necə silahdan istifadə etməyi öyrəndiyim haqqında, insanların baxışı, “Qəqəni” adı ilə bağlı detallara getməyəcəm. Çox vaxt məni oğlanla səhv salırdılar. Əvvəl bilmədən mühitə, şəraitə uyğun olaraq saçlarımı qısa kəsdirmişdim, daim kişi paltarında olurdum, kənardan gələn insanlar danışmasam qız olduğumu başa düşmürdülər. Elə bilirdilər ki, mən 14-15 yaşlarında bir oğlan uşağıyam. Sonra zamanla fərqində olanda ki, bu, bir növ həm də mənim sığortamdır. Yəni uzaqdan düşmən də baxır, sənin qız olduğunu biləndə sözsüz ki, əsir götürməyə çalışacaqlar. Ona görə də saçlarımı daim qısa saxlayırdım. Bircə onu bilirəm ki, bu gün keçmişə, keçdiyim ömür yoluna baxanda insan qala bildiyim üçün tanrıya çox minnətdaram”.
 

0