Azərbaycanda bu şəxslərə "Ordu generalı" rütbəsi verilə bilər

HƏRBİ
23:55 / 23.09.2024
39

Azərbaycan Silahlı Qüvvələrində "Ordu generalı" hərbi rütbəsi hələ də heç kimə verilməyib. Bu rütbə Azərbaycan Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən üstün rütbə hesab edilir.

Ordu generallarının poqonlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi əvəzinə rəngli təsvirdə Azərbaycan Respublikasının Dövlət Gerbi yerləşdirilir. Gerbin ölçüləri 45x50 mm-dir. Poqonlarındakı üzərində ölçüsü 30 mm olan 1 ədəd səkkizguşəli ulduz vardır.

"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən ordu generalı hərbi rütbəsi prokurorluq və ədliyyə orqanlarındakı Həqiqi dövlət ədliyyə müşaviri, gömrük orqanlarındakı həqiqi dövlət gömrük xidməti müşaviri, vergi orqanlarındakı həqiqi dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, eləcə də dövlət qulluğundakı həqiqi dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ordu generalı üçün həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir.

Bəs indi niyə Ordu generalı yoxdur? Azərbaycanda kimə "Ordu generalı" rütbəsi verilər bilər?

Məsələ ilə  bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, general-polkovnik rütbəsi daşıyan həqiqi hərbi xidmət qulluqçularına bu rütbə verilə bilər:

"Ordu generalı rütbəsi Azərbaycan Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən üstün rütbədir. Ştat cədvəli nəzərdə tutulduğu halda general-polkovnik rütbəsində xidmət edən həqiqi hərbi xidmət qulluqçularına bu rütbə təqdim edilə bilər. Bu rütbənin kimə və nə vaxt veriləcəyi Azərbaycan Silahlı Qüvvələrinin səlahiyyətlərinə aiddir. Ali Baş Komandanımız da nəyi, nə zaman etmək lazım olduğunu yaxşı bilir".

0