Döyüş təyyarəsi, yoxsa süni intellekt mərkəzi? - ABŞ-ın gizli F-47 layihəsi!

HƏRBİ
21:18 / 10.07.2025
58

ABŞ hava qüvvələrində yeni nəsil hava gücü hərəkatını həyata keçirib. Mart 2025-də "Boeing" ABŞ Hava Qüvvələrinin Altıncı Nəsil Döyüş Təyyarəsi tenderini qazanaraq F-47 kod adlı yeni nəsil döyüş təyyarəsini inkişaf etdirmək üçün rəsmi tapşırıq alıb. Bu inkişaf Vaşinqtonun uzun illərdir hava üstünlüyündə aparıcı olan "Lockheed Martin" yox, bu dəfə rəqibi "Boeing"ə üz tutması ilə diqqət çəkib.

HİT.az xəbər verir ki, "Boeing"in F-47 layihəsi şirkətin ilk "clean-sheet" yəni sıfırdan dizayn edilmiş döyüş təyyarəsi olacaq. F-15EX kimi mövcud platformaların təkmilləşdirilmiş versiyalarından fərqli olaraq, F-47 tamamilə yeni bir texnologiya infrastrukturu üzərində qurulacaq. Dizaynda X-32 prototipi, "MQ-28 Ghost Bat" pilotsuz uçuş aparatı (PUA) və B-21 Raider bombardmançısındakı görünməzlik sistemlərindən ilham alındığı bildirilir.

Hələ ki, rəsmi şəkillər gizli saxlanılsa da, sızan məlumatlar təyyarənin quyruqsuz, qanadı gövdəsi ilə bütövləşdirilmiş, aşağı infraqırmızı izə malik, mühərrikləri gizlədilmiş və ultra aşağı radar izinə sahib olacağını göstərir. Bu əsas götürülərək süni intellekt dəstəkli bəzi təxmini şəkillər hazırlanıb.

F-47-nin "Mach 2" sürətini (səs sürətindən iki dəfə sürətli) keçməsi və 1000 dəniz milindən (təxminən 1850 km) çox mənzilə sahib olması gözlənilir. "Pratt & Whitney" və GE-nin inkişaf etdirdiyi adaptiv dövrəli mühərriklər sayəsində təyyarə yanacaq sərfiyyatına qənaət edən səyahət rejimi ilə yüksək itmə gücünə əsaslanan manevr rejimləri arasında keçid edə biləcək. Bu da təyyarəyə həm uzaq məsafəli uçuşda, həm də yüksək tempdə gedən döyüşlərdə çeviklik verəcək.

F-47 sadəcə bir döyüş təyyarəsi deyil; eyni zamanda avtonom sistemlərlə inteqrasiya olunmuş komanda mərkəzinə çevrilir. Təyyarə "Loyal Wingman" (Sadiq Köməkçi) kimi pilotsuz hava aparatları ilə əlaqəli hərəkət edərək elektron müharibə, kəşfiyyat və hətta hədəflərin məhv edilməsi kimi vəzifələri yerinə yetirəcək.

Təyyarədə olacaq süni intellekt sistemləri pilotlara hədəf tanıma, təhlükə analizi və elektron pozuculuq kimi məsələlərdə ani dəstək təmin edəcək. Bu sistem ABŞ ordusunun gələcəkdəki "müharibə buludu" infrastrukturu ilə tam uyğun olacaq şəkildə inkişaf etdirilir. F-47 həm düşmən elementləri ilə döyüşəcək, həm də digər hava, quru və dəniz elementləri ilə daimi məlumat mübadiləsi edə biləcək.

Təyyarənin döyüş yükü bölməsində hipersonik raketlər, uzaqmənzilli hava-hava silahları və gələcəkdə inteqrasiya ediləcək lazer müdafiə sistemləri üçün modulyar quruluş üstünlük verilib. İstehsalçılar verdikləri açıqlamada bu qərarla F-47-ni təkcə bu günün deyil, gələcəyin silah sistemlərinə də hazır etdiklərini bildirirlər.

ABŞ-nin uzun müddətdir F-22 və F-35 kimi layihələrdə üstünlük verdiyi "Lockheed Martin"in bu dəfə ikinci planda qalmasının bir neçə mühüm səbəbi var. Bunlar arasında "Boeing"in aqressiv rəqəmsal mühəndislik qabiliyyəti, sürətli prototipləşdirmə tutumu və avtonom sistemlərlə inteqrasiyada uğuru xüsusilə diqqət çəkir. Bundan əlavə, Pentaqonun hava üstünlüyü layihələrində tək bir təchizatçıya asılı qalmamaq üçün strategik seçim etdiyi də müzakirə olunur.

Xüsusilə Çin və İranla son dövrdə artan gərginlik nəzərə alındıqda, hərbi ekspertlər F-47-nin gələcək hava əməliyyatlarında kritik rol oynamasını gözləyirlər. Səssiz və uzunmənzilli quruluşu ilə bu təyyarə düşmənin dərin ərazilərinə sızma və ilk zərbə vəzifələrində istifadə edilə biləcək.

F-47-nin gizli uçuş testlərinin 2020-ci illərin əvvəllərində başladığı iddia edilir. Hal-hazırda mühəndislik və istehsalın inkişafı (EMD) mərhələsində olan Boeing ilk təyyarələrin 2030-cu ilə qədər çatdırılmasını hədəfləyir. Təyyarənin F-22-lərin yerini alması, hətta ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-XX layihəsinə istiqamət verməsi gözlənilir.

Hələ ki, rəsmi bir şəkli belə paylaşılmayan F-47 dünya ictimaiyyətinin diqqətlə izlədiyi bir "gizli təyyarə" xüsusiyyəti daşıyır. Lakin bu yeni nəsil döyüş təyyarəsinin təkcə texnoloji cəhətdən deyil, qlobal hərbi tarazlıqlar üzərindəki təsiri ilə də uzun müddət müzakirə mövzusu olması gözlənilir.

Samir
 

0