"İkinci Qarabağ müharibəsinin məntiqi davamı olaraq Azərbaycan bütün ərazilərində suverenliyini təmin etmək üçün 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbirləri həyata keçirməyə məcbur qaldı".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Vətən Müharibəsi bitəndən sonra 10 noyabr 2020-ci il tarixli Bəyanatla Ermənistan üzərinə öhdəlik götürmüşdü:
"Lakin həmin öhdəliyə riayət etmək bir kənara qalsın, əksinə, Ermənistan o öhdəliklərə zidd olaraq Azərbaycan ərazi bütövlüyünü pozan, vətəndaşlarımıza və hərbçilərinə qarşı təxribatlar törədən separatçılara dəstək oldu.
Onları maliyyə ilə yanaşı, minalar və silahlarla təmin edirdilər. Nəticədə, Azərbaycan tərəfindən antiterror tədbirləri həyata keçirməyə məcburiyyət yarandı və 19‑20 Sentyabr 2023-cü il tarixlərində lokal antiterror əməliyyatı həyata keçirdik".
Ekspert qeyd edib ki, 23 saat davam edən əməliyyat çox dəqiqliklə aparıldı:
"Azərbaycan Vətən müharibəsində olduğu kimi yenə də mülki obyektləri və hədəfləri vurmadı. Ordumuz müharibə qaydalarına uyğun savaşdığı kimi antiterror tədbirlərini də o şəkildə həyata keçirdi. Antiterror tədbirləri zamanı düşmənin yalnız hərbi hədəflərinə zərbələr endirdik.
Təbii ki, öz məqsədimizə nail olduq. 19‑20 sentyabrda keçirilən antiterror tədbirləri ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə bütün ərazilərdə suverenliyini və ərazi bütövlüyünü tam təmin etdi. Bu əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə işğaldan azad olundu. Bu da bizim tam suverenliyimizin təminatı demək idi".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu gün artıq həmin o tarixi hadisələrin məntiqi nəticələrini yaşayırıq:
"Düşünürəm ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra artıq Cənubi Qafqazda sülhü reallaşdırır. Vətən Müharibəsinin və antiterror tədbirlərinin nəticəsidir ki, Ermənistanla tarixdə olmadığımız qədər sülhə yaxınıq.
Artıq sülh sazişinin mətni də paraflanıb. Bu isə o deməkdir ki, bizim atdığımız həm döyüş meydanında, həm də siyasi və diplomatik müstəvidə atdığımız addımların hamısı bir-birini tamamlayır. Bu gün o tamamlanma prosesi nəticəsində Azərbaycan Cənubi Qafqaza faktiki olaraq sülhü gətirib".
Xəyal Bəşirov vurğulayıb ki, regiona de-fakto gətirdiyimiz sülhü artıq de-yure olaraq təsdiq etmək görüşlər keçirməyimizin əsas səbəbi məhz həmin addımlardır:
"Dünyanın ən nüfuzlu paytaxtlarında, regionlarında və ən sonda dünyanın əsas, birinci dövləti olan ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə keçirdiyimiz o görüşə aparan yol məhz 44 günlük müharibə və antiterror tədbirlərindən keçdi.
Biz həmin görüşü və sülh sazişinin mətnini paraflamağı, ATƏT-in Minsk Qrupunu tarixə qovuşdurmağı, eləcə də Ermənistanın konstitusion əsaslı Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini o günlərdə qoyduq. 2020-ci ilin 27 sentyabr və 10 noyabr tarixlərində keçən 44 günlük Vətən Müharibəsi və 19-20 sentyabr 2023-cü il tarixlərində keçirdiyimiz antiterror tədbirləri bütün bunlar üçün yeni reallıqlar yaratdı".
Pərviz