XTQ-nin ehtiyatda olan üzvü: "Sanki bir anlıq öldüyümü hiss etdim"

HƏRBİ
15:50 / 28.09.2025
48

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan üzvü Aslan Şərifov Baku TV-yə verdiyi açıqlamada Vətən müharibəsi zamanı əməliyyat tapşırığını və döyüş zamanı yaşananları danışıb.

O bildirib ki, onların əsas vəzifəsi Füzuli şəhərindən Alxanlı istiqamətində "Ohanyan səddi"nin birinci xəttini yarmaq, yüksəklikləri ələ keçirmək və Füzuli, Cəbrayıl və Ağdam istiqamətində düşmənin təminat xəttini bağlamaq olub. A.Şərifovun sözlərinə görə, bölmə Alxanlıdan düşmənin ön xəttini yarmağa başlayıb:

"Həmin vaxt artilleriya və aviasiya atışları "Ohanyan səddi"nin birinci eşelonuna ağır zərbələr endirib".

O qeyd edib ki, onlardan bir qədər əvvəl Quru Qoşunları zirehli texnikalarla ön xəttin müəyyən hissəsini açmışdı və həmin cığırlarla düşmənin birinci təmas xəttinə ağır zərbələr vurulub.

"Bizim növbəti tapşırığımız Alxanlı yaşayış məntəqəsini düşmən tapdağından azad etmək idi. Nəyin bahasına olursa-olsun, qarşıya qoyulan tapşırıq yerinə yetirilməli idi", - A.Şərifov vurğulayıb.

Aslan Şərifov Qaraxanbəyli uğrunda gedən şiddətli döyüşləri də xatırlayıb. O bildirib ki, kəndin sol cinahından üzərlərinə üç tankdan atəş açılıb. Mövqe dəyişdiyi zaman düşmənin snayperləri onu sağ qolundan ağır yaralayıb.

"Sanki bir anlıq öldüyümü hiss etdim, amma xoşbəxtlikdən sağ idim", - deyə o söyləyib.

Yaralandıqdan sonra döyüş yoldaşı Kərim Əliyevin köməyilə mövqeyə qayıtdığını bildirən A.Şərifov ağır döyüşdən sonra orada təxminən beş saat qaldığını əlavə edib.

Daha ətraflı videomaterialda:

0