“Öləcəyini bilə-bilə getdi, şəhidimlə qürur duyuram”

HƏRBİ
16:11 / 28.10.2025
72

“Bu gün hisslərimi anlatmaqda çətinlik çəkirəm. Çünki həm sevinc, həm kədər, həm qürur hissi yaşayıram”.

HİT.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında itkin düşmüş hesab edilən şəhid Mübariz Şahmurovun həyat yoldaşı Dilşad Şahmurova deyib.

Dilşad Şahmurova qeyd edib ki, 33 illik həsrət bu gün sona çatıb: “Bu işdə kimin əziyyəti, zəhməti varsa, öz təşəkkürümü bildirirəm. Dövlətimiz tərəfindən itkin şəhidlərimizin tapılması üçün böyük addımlar atılıb. O, Xocalı istiqamətində gedən döyüşlərdə şəhid olub. Xocalı soyqırımında altı döyüşçü o boyda ordunun qabağına çıxdı, dik öndə durdular, heç nədən qorxmadılar”.

Onun sözlərinə görə, hadisə baş verməzdən iki gün öncə Mübariz öz dostuna zəng edib: “Deyib, evə çatdır ki, mənim sağ qayıtmağımı gözləməsinlər, həyat yoldaşımı, uşaqlarımı Allaha əmanət edirəm. Öləcəyini bilə-bilə getdi. Ona görə də şəhidimlə qürur duyuram”.

Dilşad Şahmurova həyat yoldaşı Mübariz barədə təəssüratlarını da bölüşüb: “O çox gözəl insan, ailə başçısı olub. Gözəl ata, həyat yoldaşı idi. Ən əsası çox vətənpərvər vətəndaş idi. Onu ilk dəfə 20 Yanvar hadisələrində tanıdım ki, bu insan necə vətənpərvərdir”.

0