F-35 qırıcısının yerüstü zərbələr üçün istifadə etdiyi 7 dəqiq sursat

HƏRBİ
20:18 / 26.12.2025
51

Amerikanın F-35 Lightning II qırıcısı lazerlə idarə olunan bombalardan tutmuş uzaqmənzilli qanadlı raketlərə qədər geniş spektrli yüksək dəqiqlikli silahlar daşıya bilir. Bu silahlar təyyarəyə istənilən hava şəraitində müxtəlif hədəflərə dəqiq zərbələr endirməyə imkan verir.

HİT.az xəbər verir ki, bunu "Wion" nəşri yazır. 

Qırıcı eyni zamanda döyüş meydanında gizli və çevik qalaraq uzaq məsafədən tapşırıqları yerinə yetirə bilir. Mənbə F‑35-in yerüstü hədəflərə zərbələr üçün istifadə etdiyi silahları təqdim edib.

GBU-12 Paveway II idarə olunan bombası

GBU-12 Paveway II – çəkisi 220 kiloqramdan çox olan lazerlə idarə olunan bombadır. F‑-35 pilotları onu yerüstü hədəflərə dəqiq zərbələr üçün istifadə edirlər.

“Bomba hədəfdən əks olunan lazer şüasını izləyir. Lazer ya birbaşa F-35 tərəfindən, ya da ön müşahidəçi tərəfindən yönləndirilir. Hərbi mənbələrə görə, GBU‑12 tankları, zirehli texnikanı və stasionar obyektləri məhv edə bilir”, deyə materialda qeyd olunur.

F-35 hər bir xarici asqı nöqtəsində dördədək GBU-12 bombası daşıya bilər.

GBU-24 Paveway III bombası

GBU-24 Paveway III təxminən 900 kiloqram çəkisi olan lazerlə idarə olunan bombadır və GBU-12-dən daha böyük dağıdıcı gücə malikdir. O, eyni lazerlə yönləndirmə prinsipindən istifadə edir, lakin daha təkmilləşdirilmiş axtarış sistemlərinə malikdir ki, bu da çətin şəraitdə zərbələrin dəqiqliyini artırır.

“Məlumatlara görə, F-35 bir neçə GBU-24 bombası daşıyaraq möhkəmləndirilmiş obyektlərə və bunker­lərə dağıdıcı zərbələr endirə bilir”, deyə müəlliflər bildirir.

GBU-31 və GBU-32 JDAM bombaları

JDAM (Joint Direct Attack Munition) döyüş sursatları GPS və inertial naviqasiya sistemləri vasitəsilə adi bombaları “ağıllı” yüksək dəqiqlikli silaha çevirir.

GBU-31 JDAM təxminən 900 kq, GBU-32 JDAM isə 450 kq çəkir. Hər iki bomba buraxıldıqdan sonra pilotun müdaxiləsi olmadan müstəqil şəkildə hədəfə yönəlir.

Bu bombalar istənilən hava şəraitində istifadə oluna bilər. F-35-in daxilində və xaricində müxtəlif JDAM konfiqurasiyaları yerləşdirilə bilər.

GBU-39 SDB bombası

Bu, cəmi 115 kiloqram çəkisi olan kiçik diametrli bombadır və tam naviqasiya sisteminə malikdir. F-35A hər silah bölməsində dörd GBU-39 daşıya bilər. Bomba JDAM-a bənzər GPS/INS naviqasiyasından istifadə edir.

Kiçik döyüş başlığına baxmayaraq, SDB sursatları möhkəmləndirilmiş düşmən qurğularını deşib keçə bilir.

GBU-53 StormBreaker planlaşdırılan bombası

GBU-53 StormBreaker GPS naviqasiyasını təsvir edən axtarış texnologiyası və inteqrə olunmuş idarəetmə sistemi ilə birləşdirir. O, buraxılış nöqtəsindən 40 kilometrədək məsafə qət edə bilir.

Bomba iki rejimli yönləndirmə istifadə edir: GPS və hərəkətdə olan hədəfləri aşkar edən millimetr dalğalı radar.

“F-35 bu sursatları daxili bölmədə daşımaqla gizlilik (stealth) xüsusiyyətini qoruyur”, deyə mənbə yazır.

SPEAR 3 qanadlı raketi

SPEAR 3 raketi F-35-i uzaqmənzilli zərbə platformasına çevirir. O, GPS/INS və relyef konturları əsasında uçur və 100 kilometrdən artıq məsafəyə çata bilir.

“Müdafiə qurumlarının məlumatına görə, Avropalı F-35 istifadəçiləri uzaq məsafədən zərbələr üçün SPEAR 3-ə  xüsusi önəm verirlər. F*35B və F-35C variantları bu raketin inteqrasiyası imkanını əldə edib. Raketi gizli qalaraq zərbə endirməyə imkan verir”, deyə müəlliflər vurğulayır.

Qeyd olunur ki, F-35 üçün tipik zərbə konfiqurasiyasına iki AMRAAM raketi, iki Sidewinder raketi və altı 900 kiloqramlıq JDAM bombası daxildir.

F-35 qırıcısı haqqında maraqlı faktlar

F-35 - Lockheed Martin şirkətinin istehsalı olan, beşinci nəsil çoxməqsədli Amerika qırıcısıdır. O, aşağı görünürlüyü, çoxfunksiyalılığı və qabaqcıl avionikası ilə tanınır.

Bu təyyarə dünyanın ən müasir və ən bahalı qırıcılarından biridir. Onun qiyməti 80 milyon dollardan çoxdur. 2025‑ci ilin oktyabrına olan məlumata görə, ümumilikdə 1245 ədəd F‑35 istehsal edilib.

Təyyarənin uzunluğu 15,67 metr, qanad açıqlığı 10,7 metrdir. Maksimal qalxma çəkisi təxminən 31 800 kq, maksimal sürəti isə 1 930 km/saatdır.

Samir
 

0