Müasir “hava-hava” sinifli raketlər düşmən təyyarələrini hətta birbaşa görmə zonasından kənarda da vurmaq qabiliyyətinə malikdir. Bu məqsədlə onlar radiolokasiya və infraqırmızı özünyönəlmə başlıqlarından istifadə edirlər. Səmada hədəflərin avtonom izlənməsi və məhv edilməsi aktiv yönəltmə, məlumat ötürmə kanalları və süni intellekt vasitəsilə təmin olunur.
Hit.az xəbər verir ki, “Wion” resursu “hava-hava” sinifli raketlərin düşmən hədəflərini məhv etməsinə imkan verən xüsusiyyətlərdən bəhs edib.
Radiolokasiya yönəltmə sistemləri
Aktiv radiolokasiya raketləri, məsələn, “AIM-120 AMRAAM”, öz radiolokasiya ötürücülərinə malikdir. Onlar hədəfləri müstəqil şəkildə axtarır.
Məqalə müəlliflərinin izahına görə, raketin radiolokasiya axtarıcı başlığı təyyarədən əks olunan siqnalları aşkar edir və özü hədəfə yönəlir. Bu, raketi buraxan pilotu digər təhdidlərlə mübarizə aparmaq üçün azad edir. “atdın və unutdun” funksiyası bir qırıcının eyni anda bir neçə raketi müxtəlif hədəflərə buraxmasına imkan yaradır.
Yarı aktiv radiolokasiya yönəltməsi
Yarı aktiv radiolokasiya yönəltməsinə malik raketlər də mövcuddur. Buna nümunə kimi “AIM-7 Sparrow” göstərilir. Bu raketlər uçuşun bütün müddəti ərzində hədəfi izləyən daşıyıcı təyyarənin radiolokatorundan asılıdır. Raket özü isə buraxılış platformasından hədəfə dəyib geri qayıdan radiolokasiya siqnallarını davamlı şəkildə qəbul edir. Beləliklə, pilot dəqiqliyi təmin etmək üçün raket hədəfə dəyənədək onu fokusda saxlamalıdır.
İnfraqırmızı yönəltmə texnologiyası
“AIM-9 Sidewinder” kimi raketlər infraqırmızı yönəltmədən istifadə edir. Onlar reaktiv mühərriklərdən yayılan istilik enerjisinə və yüksək sürətlə uçuş zamanı təyyarə gövdəsinin qızmasına reaksiya verir.
Materialda qeyd olunur ki, müasir variantlar soyudulan sensorlardan və süni intellekt alqoritmləri ilə təchiz olunmuş infraqırmızı özünyönəlmə başlıqlarından istifadə edir. Bu alqoritmlər real təyyarə formalarını tanıyaraq saxta hədəfləri və istilik tələlərini fərqləndirir.
İkitərəfli məlumat mübadiləsi
Müasir raketlər real vaxt rejimində daşıyıcı təyyarədən yenilənmiş məlumatlar ala bilir. Həmçinin məlumat mənbəyi kimi yerüstü radiolokasiya stansiyalarından da istifadə oluna bilər. Məlumat ötürmə kanalları vasitəsilə hədəfin mövqeyi, sürəti və kurs dəyişiklikləri barədə informasiya ötürülür. Bu isə raketin tutma trayektoriyasını korrektə etməsinə və manevr edən hədəfləri daha effektiv izləməsinə imkan yaradır.
İnersial naviqasiya sistemləri (INS)
Uçuşun ilkin mərhələsində müasir “hava-hava” raketləri giroskop və akselerometrlərdən ibarət inersial bloklardan istifadə edir. Bu, radiolokasiya siqnallarına ehtiyac olmadan raketin hədəfin ehtimal olunan mövqeyinə doğru kursu saxlamasına kömək edir. Xüsusilə uzaq məsafəli döyüşlərdə, raketin özünyönəlmə başlığını aktivləşdirməzdən əvvəl hədəf zonasına çatmalı olduğu hallarda bu sistemlər mühüm rol oynayır.
Son yönəltmə mərhələsi
Uçuşun son mərhələsində raket hədəfi müstəqil şəkildə kilidləyə bilir. O, toqquşma kursunu saxlamaq üçün hədəfin mövqeyini davamlı hesablayır. Detonatorlar döyüş başlığını hədəfə yaxın məsafədə və ya birbaşa zərbə zamanı partladaraq maksimum dağıdıcı effekt əldə edir.
Elektron əks-tədbirlər və işıq tələləri
Müasir qırıcılar radiolokasiya yönəltməli raketləri çaşdırmaq üçün metal reflektorlardan istifadə edir. Həmçinin istiliklə yönələn raketləri yayındırmaq məqsədilə infraqırmızı işıq raketləri buraxılır.
Resursun izahına görə, müasir özünyönəlmə başlıqları süni intellekt və çoxdalğalı aşkarlama texnologiyalarından istifadə edərək tələləri real hədəflərdən ayırd edə bilir. Bu isə raketlərlə təyyarə müdafiə sistemləri arasında elektron müharibəni daimi texnoloji rəqabətə çevirir.
Bütün istiqamətlərdən yönəltmə imkanları
Əvvəllər “hava-hava” raketləri hədəfi vurmaq üçün əsasən arxadan yaxınlaşmağı tələb edirdi ki, mühərrik istiliyi izlənə bilsin. Müasir silahlar isə infraqırmızı təsvirləmə və təkmilləşdirilmiş radiolokasiya özünyönəlmə başlıqları sayəsində hədəfləri istənilən bucaqdan aşkar edib izləyə bilir. Nəticədə hədəf frontal qarşılaşma zamanı da məhv edilə bilər. Bu yanaşma hava döyüşünün dinamikasını köklü şəkildə dəyişir və təhlükə zonasını genişləndirir.
“Atdın və unutdun” yanaşması
Hava döyüşlərində “atdın və unutdun” yanaşmasının tətbiqi pilotlara silahı buraxdıqdan dərhal sonra manevr etməyə və raketin hədəfə yönəldilməsindən asılı qalmamağa imkan verir.
Məqalə müəllifləri qeyd edirlər ki, aktiv radiolokasiya özünyönəlmə başlıqları raket hədəf zonasına daxil olduqda idarəetməni öz üzərinə götürür. Bu isə pilotlara müdafiə manevrlərinə fokuslanmağa və ya şəbəkə-mərkəzli müharibə taktikalarından istifadə edərək eyni anda əlavə hədəflərə hücum etməyə şərait yaradır.
Samir


