Lazer silahlarının uğurlu sınaqları və hətta guya döyüş şəraitində tətbiqi ilə bağlı çoxsaylı məlumatlara baxmayaraq, bu texnologiyanın Rusiya–Ukrayna müharibəsində, hətta pilotsuz uçuş aparatlarına qarşı mübarizədə belə, real perspektivi yoxdur. Analitiklərin fikrincə, texnologiya hələ də müharibədə praktik istifadə üçün həddindən artıq xamdır.
Hit.az xəbər verir ki, dekabr ayında Kaliforniyada yerləşən analitik mərkəz “RAND Corporation” Ukrayna üçün yüksək güclü lazerlərə və mikrodalğalı silahlara, xüsusən də dronlara qarşı mübarizə məqsədilə, böyük investisiyaların məqsədəuyğun olmadığı qənaətinə gələn hesabat dərc edib.
Analitiklərin sözlərinə görə, bu cür sistemlərin yüksək dəqiqlik, bir atışın aşağı qiyməti və eyni anda bir neçə hədəfi vurmaq qabiliyyəti kimi potensial üstünlüklərinə baxmayaraq, onların əksəriyyəti texnoloji hazırlığın erkən mərhələsindədir. ABŞ və Böyük Britaniya kimi güclü müdafiə büdcəsinə malik ölkələrdə belə bu komplekslər hələ kütləvi döyüş tətbiqinə hazır deyil.
Mütəxəssislər qeyd edirlər ki, lazer və mikrodalğalı silahların hazırlanması tədqiqatlara, infrastrukturun qurulmasına, enerji təchizatına və soyutma sistemlərinə böyük maliyyə vəsaiti tələb edir. Bundan əlavə, bu sistemlərin effektivliyi hava şəraitindən, hədəfin birbaşa görünməsindən və sabit elektrik təchizatından ciddi şəkildə asılıdır ki, bu da onların döyüş meydanında istifadəsini məhdudlaşdırır.
“RAND” vurğulayır ki, Ukrayna üçün bu texnologiyalar daha çox “resurs tələsi” yaradır, maliyyə və diqqəti daha təcili və praktik müdafiə həllərindən yayındırır. Hazırkı mərhələdə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları daha sınaqdan keçmiş və sürətlə miqyaslana bilən dronlara qarşı vasitələrlə daha yaxşı qarşılanır.
Bununla belə, ekspertlər Kiyevə bu cür sistemlərin qlobal inkişafını izləməyi tövsiyə edirlər, çünki zamanla bu silahların texniki məhdudiyyətləri qismən aradan qaldırıla bilər.
Ukraynanın “Defense Express” analitik layihəsi də amerikalıların nəticələri ilə razılaşır və bildirir ki, bu problemlərin əksəriyyəti əslində artıq hamıya yaxşı məlumdur.
“Ukrayna üçün dron-tutucu aparatları və müxtəlif zenit artilleriya qurğuları hələ də daha etibarlı və praktikada sınaqdan çıxmış vasitələr olaraq qalır. Məhz buna görə də onların, məsələn, daha çox "Skyranger 35"in cəbhəyə çatdırılması kimi, miqyaslandırılmasını yaxın zamanda görəcəyik”, deyə ukraynalı ekspertlər yazırlar.
Samir


