Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı, kədərli və qanlı səhifələrindən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin Xankəndidə yerləşən 366-cı motatıcı alayı ilə birgə dinc əhaliyə qarşı qətliam törətdi. Həyata keçirilən vəhşi hücum nəticəsində çoxlu sayda günahsız insan amansızcasına qətlə yetirildi, yurd yuvalarından didərgin salındı.Ona görə də Xocalı soyqırımı bəşər tarixinin ən qanlı, ən qəddar cinayəti kimi qiymətləndirilir...
Millət vəkili Ceyhun Məmmədov Hit.az-a açıqlamasında bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixində xalqımızın üzləşdiyi ən ağır müsibətlərdən biridir:

"Azərbaycan xalqı tarix boyu müxtəlif faciələrə və soyqırımlara məruz qalıb. Bu faciələrdən biri də Xocalı soyqırımıdır ki, xalqımızın qan yaddaşına həkk olunub. Faciənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir".
Millət vəkili qeyd edib ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasıdır:
"Dünya dövlətləri bu hadisəyə hüquqi və siyasi qiymət verməlidir. Bu istiqamətdə mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan Xocalıya ədalət kampaniyası çərçivəsində müxtəlif ölkələrdə tədbirlər keçirilir. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən memorial komplekslərin yaradılması və maarifləndirmə layihələrinin həyata keçirilməsi bu istiqamətdə aparılan işlərin göstəricisidir. Bu günə qədər mühüm addımlar atılsa da, bununla kifayətlənmək olmaz. Hesab edirəm ki, Xocalı soyqırımında rolu olan şəxslər məsuliyyətə cəlb edilməli və ədalət öz yerini tapmalıdır".
Günel


