“Aprel döyüşləri Azərbaycan xalqının işğalla barışmadığını, qürurlu və əzmkar millət olduğunu bir daha sübut etdi”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində çox güclü bir ordu formalaşdırdığının bariz nümunəsi kimi də tarixdə qalacaq:
“Eyni zamanda, bu döyüşlər 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizin bünövrəsi və müjdəçisidir. Bu xalq o zaman mütləq surətdə bütün dünyaya göstərdi ki, çox da uzaq olmayan vaxtda məqsədinə çatacaq, torpaqlarından işğalçıları qovacaq və suverenliyini bərpa edəcək. Nəticədə, belə də oldu. 2020-ci ildə Vətən müharibəsindəki böyük qələbəmiz, 2023-cü ildəki suverenliyimizi tam bərpa etməyimiz dediklərimizi sübut etmiş olur”.
Millət vəkili qeyd edib ki, qəhrəman Azərbaycan Ordusu aprel döyüşlərində yüzlərlə düşmən əsgərini və texnikasını məhv etdi, eləcə də çox vacib əraziləri işğaldan azad etdi:
“Həmin azad etdiyimiz Lələtəpə və digər ərazilər 2020-ci ildə Vətən müharibəsində bizim üçün çox əvəzsiz strateji rol oynadı. Bu tarixi qələbələrimizlə sözün əsl mənasında dünyanın ən qürurlu xalqı və ən güclü dövləti olduğumuzu sübut etmişik. Bu gün Azərbaycan və onun lideri dünyanın sayılıb-seçilən liderləri arasında yerini möhkəmlədən, ölkəmiz isə ən güclü dövlətlər içərisində yüksək mövqeyə sahib olan bir ölkədir”.
Deputat sözlərini belə yekunlaşdırıb:
“Aprel döyüşləri Azərbaycan xalqının əzmini özündə simvolizə edən tarixi məqamdır. Bizim şaxələndirilmiş və milli maraqlarımıza söykənən siyasətimiz dövlətimizin güclü və əzmkar olduğunu sübut edir".
Elmir Mustafa



