"Səbail"in futbolçusu "Real Madrid"ə keçidinin təfərrüatlarını açıqladı

İDMAN
09:37 / 19.05.2020
1207

"Atletiko"ya qarşı UEFA Super Kuboku oyunu üçün Monakoda "Çelsi" ilə birlikdə idim. Mənə zəng gəldi, cavab vermək istəmədim. Həmin vaxt yanımda olan əmim oğlu cavab verməyimi söylədi. Telefonu götürdüm, zəng vuran Joze Mourinyo idi".

"Report"un məlumatına görə, bu fikirləri "AS" nəşrinə açıqlamasında "Səbail"in futbolçusu Maykl Essyen 2012-ci ildə İspaniyanın "Real Madrid" klubuna keçidi barədə danışarkən deyib.

38 yaşlı yarımmüdafiəçi Mourinyo ilə telefon vasitəsi ilə danışıq apardığını bildirib. Təcrübəli oyunçu portuqaliya baş məşqçinin onu Madridə dəvət etdiyini söyləyib: "Orada oynamağa hazır olduğumu dedim. Bir neçə saatdan sonra agentim mənə zəng vurdu, baş verənləri ona izah etdim. "Real Madrid"lə müqavilə bağladı, mən isə "Çelsi" ilə birlikdə stadiona gedən avtobusda idim. Agentim zəng vurdu və otelə qayıtmalı olduğumu bildirdi. Avtobusu dayandırmaq üçün sürücüyə qışqırmalı oldum. Bütün komanda yoldaşlarım mənə tərəf baxdılar. Avtobusdan düşməli olduğumu söylədim və otelə qayıtdım, hər şey vaxtında edildi".

Essyen "Atletiko"ya 4:1 hesabı ilə uduzduqları matçdan sonra komanda yoldaşları ilə vidalaşdığını xatırladıb: "Madridə "Çelsi"nin idman geyimi ilə getdim, Mourinyo məni hava limanında gözləyirdi. Tibbi müayinədən keçdim, ertəsi gün məşqə başladım".

Qeyd edək ki, Maykl Essyen 2012/2013 mövsümündə icarə əsasında "Real Madrid"də çıxış edib. Peşəkar karyerasına Fransanın “Bastiya” klubunda başlayan yarımmüdafiəçi ən çox oyuna “Çelsi”də çıxıb. Təcrübəli futbolçu “zadəganlar"ın heyətində 168 oyunda 19 qol vurub. O, “Real Madrid"dən sonra İtaliyanın “Milan” komandasının da şərəfini qoruyub.

Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.

0