"İdman TV"də nə baş verir? - Rövşən Binnətli açıqladı

İDMAN
21:28 / 16.09.2020
1399

Bir müddət öncə Ramiz Mirzədadə, ötən gün isə İsmayıl Abdullayevin "İdman TV"-dən ayrılması müzakirələrə səbəb olub. Həm mətbuatda, həm də sosial şəbəkələrdə kanalın daxilində problemlərin olduğu, "İdman TV"nin daha bir neçə əməkdaşının da kanaldan ayrılacağına dair iddialar irəli sürülüb.

Məsələni araşdırmaq üçün kanalın direktoru vəzifəsini icra edən Rövşən Binnətli ilə əlaqə saxladıq. O, Fanat.Az-a açıqlamasında məsələyə aydınlıq gətirdi.

- Rövşən müəllim, İsmayıl Abdullayevin İdman TV-dən ayrılması xəbərinin ardından bəzi iddialar səslənməyə başladı. Kanalın daxilində problemlər olduğu, daha bir neçə işçinin də gedəcəyi deyilir. Bu xəbərlər nə dərəcədə doğrudur?

- Bilmirəm bu cür söhbətləri kimlər yayır. Son zamanlar kanalımızdakı yeniliklər, istər yeni verilişlərin efirə getməsi, istər xəbərlərin formatının dəyişməsi və s. işlər göz önündədir. Həmin adamların özlərindən soruşmaq lazımdır ki, siz hansısa bir narazılıq səbəbindənmi telekanaldan getmisiz? İsmayıl Abdullayev təxminən ayyarım əvvəl "Neftçi" TV-də işləmək istədiyini bildirəndə rəhbərlik məsələyə həssas yanaşdı. Həm "Neftçi"nin tarixi klub olması, həm də təcrübəli birinin klubun telekanalına rəhbərlik etməsi kimi məsələləri nəzərə alaraq ona hər iki yerdə fəaliyyətini davam etdirə bilməsi üçün lazımi şərait yaradıldı. Və o, Azərbaycan əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla həm "Neftçi" TV-də, həm də İdman TV-də işinə davam etdi. Mövsümi veriliş olan və həftədə iki dəfə canlı efirə gedən "Transfer 2020"nin aparıcılığı ona həvalə edildi, aparıcı kimi xəbərlərə çıxması məsələsində də problem olmadı, həmçinin yeni startı verilən, ölkəmizdə yayım hüququ bizə məxsus olan İngiltərə Premyer Liqasının ilk turunda əsas qarşılaşmalarından birinin şərhi ona tapşırıldı. Yəni, İdman TV-nin daxilində hansısa narazılığın olması barədə deyilənlər faktlara söykənmir və tam əsassızdır. Biz öz işimizi davam etdiririk və məqsədimiz yeni layihələr, yarışlar təqdim etməklə "İdman TV"ni daha yüksək səviyyəyə qaldırmaqdır. Bu televiziya kanalı inkişaf yolundadır və onun sıralarında olan hər bir yaradıcı insan hədəflərə çatmaq üçün var gücü ilə çalışır.

- İsmayıl Abdullayevlə Ramiz Mirzəzadənin ard-arda kanaldan ayrılması bir az diqqətçəkən oldu. Bəs, Ramiz bəy hansı səbəbdən kanaldan ayrılmışdı?

- İşlə bağlı tələbkarlıq indi bir qədər də ciddiləşib. Müəlliflərdən daha keyfiyyətli efir məhsulu, verilişlər istənilir. İdman TV-də hazırda hər bir məsələdə - nizam-intizamdan tutmuş yaradıcılığa qədər - işgüzar prinsiplər önə çəkilir. Konkret Ramiz Mirzəzadənin getməsinə gəlincə, o, daha sərbəst rejimdə işləmək arzusunda olduğunu bildirmişdi.

Qeyd edək ki, Ramiz Mirzəzadə hazırda CBC Sport kanalında fəaliyyət göstərir. İsmayıl Abdullayev isə, saytımıza açıqlamasında "Neftçi" TV ilə yanaşı başqa kanalda da çalışmasının mümkün olduğunu qeyd edib.

 

0