Qapalı zallar ona görə açılmır ki... - Elnur Məmmədli

İDMAN
21:45 / 22.09.2020
1132

Cüdo üzrə Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli idmanla bağlı fikirlərini bildirib.

O, bu gün Gənclər və İdman Nazirliyinin “Facebook” hesabındakı canlı yayım zamanı özü ilə bağlı bəzi məsələlərə toxunub. 32 yaşlı idmançı qeyd edib ki, gələcəkdə veteranlar arasında yarışda iştirak edə bilər:

“Veteranlar arasında yarışlarda iştirak etmək istərdim. Amma həmin yarışlarda iştirak etməyə yaşım imkan vermir. Bununla belə, gələcəkdə belə yarışlarda iştirakım mümkündür”.

İngilis dilimi təkmilləşdirmək üzərində işlədiyini bildirən Elnur Məmmədli qapalı zallarda məşq etməyə icazə verilməməsinə də münasibət bildirib:

“Biz özümüz-özümüzə həkim olmalıyıq. Zallar da ona görə açılmır ki, biz özümüzü virusdan qorumuruq. Hökumət buna uyğun olaraq qərar verir. Olimpiya çempionu olaraq mən də istərdim ki, qapalı zallar açılsın. Amma görünür, yoluxma sayındakı statistikaya baxılıb, belə qərar verilir”.

E.Məmmədli idmançı karyerasında başına gələn maraqlı əhvalat da danışıb:

“İdmançı olan vaxt çəki ilə bağlı problemim həmişə olub. Həmişə 73 kiloqramda yarışmışam. Amma bir dəfə 81 kiloqramda Moskvada Böyük Dəbilqə yarışında iştirak etməli idim. Çəkimin artdığını məşqçimdən gizlətmişdim. Tərəziyə çıxanda çəkim 88 kiloqam çıxdı. Məşqçim dedi ki, deyəsən, tərəzi səhv göstərir. Sonradan çəkimi 15 kiloqram salmaq üçün məni əməlli-başlı danladılar”.

“Özümü hələlik baş məşqçi qismində görmürəm. Amma sevindirici haldır ki, artıq sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev təyin olundu. Dünən zəng vurub, onu təbrik etmişəm.

Hər zaman uduzanda zəif idmançılara uduzmuşam. Güclü idmançılara qarşı yaxşı köklənirdim. Zəif idmançılarla qarşılaşanda özümə çox arxayın olurdum. Ona görə də uduzurdum.

Cüdo ilə məşğul olmasaydım, idman növü kimi futbolu və bir də hokkeyi seçərdim”, – deyə Elnur Məmmədli bildirib.

1
Oxu.az