“Qarabağ” UEFA-nın qərarına etiraz edəcək

İDMAN
21:26 / 26.11.2020
1316

“Qarabağ” futbol klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə “Report”a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: “Xəbər hələ çox yenidir, cəmi 15-20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik”.

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: “Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda, lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq”.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 000 avro məbləğində cərimələnib. Qurum daha əvvəl İbrahimova qarşı “İrqçi və digər ayrı-seçkilik davranışı” və “Əsas davranış qaydalarının pozulması” maddəsi ilə intizam işi açmışdı.

0