Xəbər verdiyimiz kimi, 2005/06 mövsümündə UEFA Kubokunda "Xəzər Lənkəran”a qarşı oynamış Moldovanın "Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyu "Moldfootball.com” saytına müsahibəsində Azərbaycan təmsilçisi tərəfindən 250 min dollar rüşvət qarşılığında oyun satmaq təklifi aldıqlarını bildirib.
Məsələni araşdırmaq üçün Lənkəran klubunun sabiq vitse-prezidenti Rəvan Bəşirovla əlaqə saxlanıb.
Keçmiş klub rəsmisi Sport7.az-a açıqlamasında qeyd edilən mövzu və bir sıra maraqlı məqamlara aydınlıq gətirib.
"Mübariz bəy məni "Xəzər Lənkəran"a vitse-prezident təyin etdikdən sonra belə hallara rast gəlməmişəm. Düzdür, orada çox işləməmişəm, ancaq mənim dövrümdə maliyyə pozuntuları, loru dildə desək fırıldaqçılıq halları baş verməyib. Nə olubsa da, mən təyin olunana qədər olub. Çünki həmin dövrdə "Xəzər Lənkəran"da baş verənlər bütün mediada işıqlandı və hər kəs də xəbər tutdu. Və nəticədə 2008-ci ilin əvvəllərində Mübariz bəy İstanbul ofisində başda Araz Nəsirov olmaqla öz maliyyə işçilərinə "Xəzər Lənkəran"da yoxlama aparılmasına dair göstəriş verdi. Həmin yoxlamalar ərəfəsində bir çox maliyyə pozuntuları və digər xoşagəlməz məsələlər aşkarlandığına görə klubun baş məşqçisindən tutmuş bir çox işçiləri komandadan uzaqlaşdırıldı. Araz Nəsirov İstanbul ofisinə qayıtdıqdan sonra Mübariz bəy məni "Xəzər Lənkəran"a vitse-prezident təyin etdi
Həmin dövrə qədər isə, Mübariz bəy "Xəzər Lənkəran"a çox böyük, küllü miqdarda yatirimlar edirdi. Klubun maliyyə baxımından heç bir sıxıntısı yox idi. Baxmayaraq ki, "Xəzər Lənkəran"dan "Palmali" şirkətinə heç bir gəlir olmurdu, ancaq komandanın maliyyəsini kəsmirdilər. Çünki Mübariz bəy Lənkəran sevgisinə görə Azərbaycan futbolu üçün yatırım edirdi. Və həmin vaxtlarda "Xəzər Lənkəran"ın maliyyəsindən istifadə etməyə çalışan çox fırıldaqçılar vardı. Bundan isə rəhbərliyin bəzən xəbəri olurdu. Ancaq çox şeydən xəbərsiz idilər.
Katalin Likioyu dediklərini bir mənalı şəkildə təkzib edə bilmərəm. Belə bir şeyin olması mümkündür. Amma futbolçunun sırf "Xəzər Lənkəran"la anlaşma kimi qeyd etməsi düzgün fikri deyil. Dediyinə görə bir şəxs olub və onunla söhbət edib. Həmin şəxsin adını çəksin. Çünki belə şəxslər həmişə "Xəzər Lənkəran"ın adında istifadə edib ya futbolçu transferindən, ya hansısa bir variantla pul qazanmağa cəhd ediblər. Belə bir şeyin olması normaldır. Çünki bu hal bütün klublarda baş verib.
Nəyə göər "Xəzər Lənkəran"da baş verməsi normaldır dedim, ona görə ki, 2004-cü ildən başlayaraq Azərbaycanda futbolun inkişaf etdiyi dönəmlərdə artıq belə məsələlər başlamışdı. Elə fırıldaqçı insanlar da ən çox "Xəzər Lənkəran"a "yem" kimi baxırdılar. Bu klub üzərindən hər hansısa formada pul qazanmaq niyyətləri olub. Gördüyünüz kimi, o da baş tutmayıb. Düşünmürəm ki, "Xəzər Lənkəran" tərəfi elə təklifə gedib özünü biabir etməyi gözə alsın. Bu deyilənləri ciddiyə almaq lazım deyil. Çünki hər hansısa bir şəxsin dediyi söz bir klubu, "Xəzər Lənkəran"ı ifadə etmir".
Qeyd edək ki, rumın futbolçu "Yerli agentlərdən biri "Xəzər Lənkəran”ı təmsil edən adamın bizimlə danışmaq istədiyini dedi. O vaxt niyə ünsiyyət qurmağa çalışdığını bilmirdik. Məndən başqa qapıçımız Leu və müdafiəçimiz Lupaşko ilə əlaqə saxladılar. 250 min dollar verməyə hazır olduqlarını söylədilər. Üçümüzdən başqa bu təklif haqda kimsə bilmədi", - deyə bildirib.
Xatırladaq ki, "Xəzər Lənkəran” 2006-cı ilin yayında UEFA kubokunun təsnifat mərhələsində "Nistru”ya hər iki matçda yenilib. Evdə 1:2 hesabıyla uduzan "ağ-yaşıllar” səfərdə də moldovalılara boyun əyib - 1:3. Həmin vaxt komandaya Rasim Kara rəhbərlik edib.