Daşkənddə keçirilən qalmaqallı futbol matçı - Brejnevi narahat edən nə idi?

İDMAN
19:24 / 28.01.2021
1543

İdman növləri arasında daha çox populyarlıq qazanan və milyonlarla azarkeşi özünə cəlb edən futbol bəzən siyasi qalmaqallara da səbəb olur. Daha doğrusu, futbol tarixində bu oyunu siyasi alətə çevirənlər də tapılıb.

4 aprel 1969-cu ildə futbol üzrə SSRİ çempionatının Özbəkistanın paytaxtında keçirilən “Paxtakor” Daşkənd – “Dinamo” Minsk matçı azarkeşlər arasında qarşıdurma yaratmaqla yanaşı, həm də Kremldə ciddi narahatlıq yaradıb. Hadisələr o həddə çatıb ki, Leonid İliç Brejnev məsələyə müdaxilə etmək məcburiyyətində qalıb.

Maraqlıdır, bu matçı yaşıl meydançadan Kreml müstəvisinə çıxaran hansı səbəb olub?

Qeyd edək ki, 1966-cı ildə Daşkənd zəlzələsindən sonra Özbəkistana SSRİ-nin ayrı-ayrı bölgələrindən böyük axın başlayıb. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün sıravi fəhlələrdən tutmuş peşəkar mütəxəssislərə qədər sovet vətəndaşları könüllü və məcburi şəkildə bu işə cəlb edilib. Sonralar onların bir qismi Özbəkistanı özlərinə daimi yaşayış yeri seçiblər. Məhz elə həmin dövrlərdə Özbəkistan çoxmillətli müttəfiq respublikalardan birinə çevrilib.

Həmin ərəfədə Özbəkistanda bir milyondan artıq rus yaşayıb və sözsüz ki, sovet rejiminə baxmayaraq, milli münaqişələrlə bağlı hadisələr də az olmayıb.

4 aprel 1969-cu ildə isə sözügedən futbol matçında hadisələr pik həddə çatıb. Oyunu seyr etmək üçün Daşkəndin mərkəzi stadionunda 56 min azarkeş olub. Oyunun ilk dəqiqələrindən azarkeşlər arasında gərginlik yaşanıb. Özbək tərəfdarları Özbəkistanda yaşayan rusların Minsk futbolçularına azarkeşlik etməsini həzm edə bilməyiblər. Belarus futbolçularının “Paxtakor”un qapısından keçirdiyi top isə vəziyyəti daha da gərginləşdirib.

Oyun 1-0 “Dinamo” Minskin qələbəsi ilə bitib. Bu qələbədən sonra həm stadionda, həm də şəhərin mərkəzi küçə və prospektlərində azarkeşlərin qarşıdurması yaranıb. İnsident təkcə rus millətindən olan azarkeşlərin deyil, həmçinin paytaxta yaşayan və futbola heç bir azarkeşliyi olmayan rusların döyülməsi, söyülməsi, alçaldılması ilə müşayiət olunub.

Gün ərzində Özbəkistanın hüquq mühafizə orqanları vəziyyəti sabitləşdirə bilməyib. Yalnız hərbçilərin və xüsusi texnikaların müdaxiləsindən sonra insidentin qarşısını almaq mümkün olub.
Matç keçirilən gün Özbəkistanın birinci katibi Şərəf Rəşidov ezamiyyətə olub.

O qayıdan kimi məsələlərin araşdırılması üçün göstəriş verib və vəziyyəti şəxsən öz nəzarətinə götürüb. Buna baxmayaraq, milli münaqişələr səngiməyib. Dörd gün sonra aprelin 8-də “Paxtakor”-“Spartak” qarşılaşmasında, daha dörd gün sonra aprelin 12-də isə “Paxtakor”la “Torpedo” matçında Daşkənddə növbəti qarşıdurmalar baş verib.

Hadisələrin gərginliyə doğru istiqamət alması Daşkəndə əlavə güc qüvvələrinin cəlb edilməsi məsələsini gündəmə gətirib. Kremldə Brejnevin rəhbərliyi ilə güc strukturu rəhbərlərinin müşavirəsi keçirilib və müvafiq qərarlar qəbul olunub. Moskvadan Daşkəndə daxili qoşunların qüvvələri ilə yanaşı xüsusi əməliyyat axtarış və istintaq qrupları ezam edilib.

Özbəkistanda milli münaqişəni daha da qızışdıran amillərdən biri də bu respublikada yaşayan rusların “Pravda” qəzetinə göndərdikləri çoxsaylı məktublar olub və həmin məktubların bir qismi qəzetdə dərc olunub. Məlum olduğu kimi sovet dövründə ölkənin birinci qəzeti olan “Pravda”da gedən yazılar yalnız Kremlin münasibəti kimi dəyərləndirilib. Bu baxımdan məktublarda əks olunan özbəklərin “millətçi ruhu” respublikada növbəti qıcıqlanmaya səbəb olub.

Məktubların birində bu sətirlərə rast gəlinir:
“Biz moskvalı və leninqradlı kommunistlər Daşkəndə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün gəlmişik, işimizi bitirdikdən sonra geri qayıdacağıq. Amma bir kommunist kimi bizi narahat edən məsələlər var. Özbəkistanda, xüsusilə də Daşkənddə qeyri-sağlam ictimai-siyasi mühit hökm sürür. Bu cür atmosfer və ruslara qarşı belə münasibət qurbansız ötüşməyəcək. Nədənsə respublika rəhbərliyi də buna göz yumur. Hətta məktəblilərdə belə ruslara qarşı nifrət açıq-aşkar hiss olunur. Bu isə o deməkdir ki, özbək ailələrində antirus təbliğatı aparılır. Təcili tədbirlər görülməlidir...”

Aprel hadisələri ilə bağlı Özbəkistanda mindən artıq şəxs saxlanılıb, onların haqqında cinayət işi açılıb. İnsident zamanı ölən və xəsarət alanlar haqqında ictimaiyyətə heç bir məlumat verilməyib.

İstintaq qrupunun bəzi üzvləri cinayət hadisələrinin törədilməsinin sifarişli olduğunu da istisna etməyiblər. Onlarda belə qənaət yaranıb ki, Şərəf Rəşidovu vəzifəsindən uzaqlaşdırmaq üçün ona qarşı çıxanlar bu vasitədən istifadə etmək istəyiblər. Bu məsələdə Özbəkistan Ali Sovetini Rəyasət Heyətinin sədri Yadgar Nəsrəddinovanın adı hallanıb.

Bu həmin Nəsrəddinovadır ki, o, məhz Şərəf Rəşidovun himayəsi ilə Özbəkistanın komsomol və partiya orqanlarında ən yüksək vəzifələri tutub, sonda isə yenə də Şərəf Rəşidovun hesabına Özbəkistanın ikinci şəxsinə çevrilib.

Bəzi araşdırmaçıların qənaətinə görə Nəsrəddinova Özbəkistanda pambıq mafiyasını ələ keçirmək üçün Rəşidovu hakimiyyətdən devirmək istəyib və bu məqsədlə futboldan istifadə edərək milli münaqişəni qızışdırmağa cəhd edib. Amma xanım siyasətçi birinciliyi əldə etmək planlarını həyata keçirərkən yəqin ki, Brejnev-Rəşidov “dostluğu”nu nəzərə almayıb. Belə ki, Nəsrəddinova Brejnevin göstərişi ilə Özbəkistanda pambıq korrupsiyası ilə ittiham olunub, vəzifələrindən azad edilib, partiya üzvlüyündən çıxarılıb.

0
Musavat.com