"Şərhçiləri tənqid edənlər gəlib mikrafon arxasında əyləşib..." - Rövşən Binnətli

İDMAN
10:46 / 01.02.2021
4444
Bu gün "İdman" TV kanalının yaranmasının 12 ili tamam olur. Əlamətdar gün ilə əlaqədar olaraq kanalın rəhbəri Rövşən Binnətli ilə söhbət etdik. 
 
Tanınmış jurnalist Fanat.Az saytına müsahibəsində həm "İdman" TV-nin fəaliyyəti, həm də idman mətbuatı haqqında maraqlı fikirlər səsləndirdi. 
 
"Tənqiddən nəticə çıxardaraq daha da məhsuldar işləməyə çalışdıq"
 
- Rövşən müəllim, əvvəla, kanalın 12 illiyi münasibəti ilə başda siz olmaqda, bütün kollektivinizi "Fanat.Az" saytının kollektivi adından təbrik edirəm. Artıq "İdman" TV-yə təyinatınızın da 1 ilinin tamam olmasına az qalıb. Koronavirus pandemiyası səbəbindən bütün dünya olaraq əziyyət çəkdik. Geridə qalan 1 il haqqında fikirlərinizi öyrənmək istərdim.
- Əslində təyinatım 2019-cu ilin oktyabrında olsa da, vəzifənin icrasına 2020-ci ilin fevralın 29-dan başlamışam. Artıq 11 aydır. Bütün dünya üzrə hansı sahədə məşğul olmağından asılı olmayaraq, geridə qalan 1 illə bağlı  suala cavab verən hər kəs pandemiya məsələsini önə çəkəcək. Həqiqətən də reallıq bundan ibarətdir. Bizdə də ötən ilin mart ayından vəziyyət biraz gərginləşməyə başladı. Qabaqlayıcı tədbirlər nə qədər effektli olsa da, hər halda Azərbaycanda da pandemiya öz təsirini göstərdi. Sözsüz ki, idman sahəsində də. Yarışlar dayandırıldı, idman qurğuları qapandı, yaddaqalan bunlardır. Ancaq televiziya kanalı izləyən tamaşaçı mütləq şəkildə nəyəsə baxmalıdır. Ona görə də vəziyyətə uyğun olaraq müəyyən addımlar atıldı, bir sıra layihələri reallaşdırdıq. Gənclər və İdman Nazirliyi və mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın təşəbbüsü ilə  mövcud duruma uyğun "Evdə qal, idmansız qalma" layihəsi lə tamaşaçı önünə çıxdıq. Burada tanınmış idmançılar canlı yayımda ev şəraitində ən sadə idman hərəkətlərini tamaşaçılara nümayiş etdirirdi. Bu layihədə dünya, olimpiya, Avropa, çempionları ilə yanaşı, ictimaiyyət tərəfindən tanınan simalar da yer aldılar. Onların sadə idman hərəkətlərini tamaşaçılara göstərməklə insanların ətalət hissinə qapılmamalarına nail olmaq istədik. Bildiyiniz kimi, hərəkətsizlik sonda xəstəliyə gətirib çıxaran bir şeydir. Bu çətin dövrdə birinci işimiz kimi bunu qeyd edə bilərəm.  
 
 
 
Biz həm də həmin dövrlə ayaqlaşa bilən "Geri dönüş" verilişi təsis elədik. Həftədə iki dəfə təxminən 1-1,5 saatlıq verilişdə fərqli idman növlərinin nümayəndələri ilə artıq pandemiyadan sonrakı dövrü müzakirə edirdik.  Düzdür, bu pandemiyanın neçə ay, il davam edəcəyini bilmirik, ancaq axır bir gün bitəcək və mövzumuz da ondan sonra atılacaq addımlar idi. Bu da çox böyük tamaşaçı auditoriyası toplayan veriliş oldu. Təxminən 30-a yaxın buraxılışımız nümayiş olundu. 
 
Bundan başqa, yaddaqalan işlərimizdən biri Azərbaycanda kiber futbol üzrə keçirilən ilk çempionata kanalımızda efir həyatı verməyimizdir. Kiber futbol ekranlarda vardı, amma Azərbaycan çempionatı ilk dəfə idi keçirilirdi və biz onu canlı yayımladıq. Bu oyunların gündə bir neçə saat yayımlanması idmansız keçən dövrdə bir növ idman azarkeşləri üçün məlhəm rolu oynadı. O boşluğu doldurmaq anlamında çox önəmli idi. 
 
Şahmat üzrə bir neçə nüfuzlu onlayn yarışları tanınmış qrossmeysterlərin şərhi ilə efirə verdik. "Ulduzların yarışı" deyilən intellektual oyunla tamaşaçıların görüşünə gəldik. Azərbaycanın tanınmış futbolçularının karyeraları ilə bağlı maraqlı suallar əsasında bilik müsabiqəsi keçirdik. O da müddət olaraq iki aydan çox dövrü əhatə elədi. Görülən işləri daha çox sadalamaq olar.
 
İnsanların evdən çıxması qadağan olunduğu çətin dövrdə idman yarışlarının olmamasına baxmayaraq, biz bu vasitələrə əl atmaqla boşluğu məzmunlu şəkildə doldurmağa cəhd göstərdik. Nə dərəcədə nail olduq, onu demək çox çətindir. Sosial şəbəkələrdə izləyicilərdən təqdir də alırdıq, tənqidi fikirlər də... Ancaq etiraf edim ki, bu qədər işləri görsək də, biz də bəzi təkrarlardan qaça bilmədik və arxivdən önəmli yarışları biz təkrarən efirə verməli olduq. Çünki söhbət 24 saatlıq bir efirdən gedir. Hər nə qədər 1-1,5 saatlıq maraqlı veriliş təşkil etsən də, söhbət 24 saatlıq efirin məzmunlu verilişlərlə dolu olmasından gedir. Bunu yaratmaq isə idmansızlıq şəraitində nəinki çətin, bəzən mümkünsüz idi. Ona görə də, biz bəzən o cür keçmişdə olanları, tanınmış idmançılar haqqında filmləri təkrarən efirə verməli olduq. Buna görə də, biraz tənqid olunduq. Ancaq bu vəziyyəti normal qarşılayıram. Çünki tamaşaçı hər zaman haqlıdır və onun hər zaman bizdən yeni nəsə gözləməsi çox təbiidir... Tənqiddən nəticə çıxardaraq daha da məhsuldar işləməyə çalışdıq.
 
Artıq yavaş-yavaş vəziyyət düzəlir, bəzi yarışlar bərpa olunub. Təsəvvür edin ki, "İdman" kanalının yayım proqramına daxil olan Avro-2020 və Tokio-2020 olimpiadasını keçirmək reallaşmır və nəzərdə tutulan hər şey 180 dərəcə dəyişir. Ancaq buna baxmayaraq, nə iləsə tamaşaçı qarşısına çıxmalısan. Sadaladığım və sadalamadığım verilişləri təşkil etməklə yanaşı, yaddaşlarda qalan maraqlı futbol matçları, voleybol görüşləri, filmləri efirə gətirməklə, hər halda, o çətin dövrü aradan qaldırdıq.
 
"İzah edirsən ki, "mən də" ayrı şeydir, "məndə" ayrı"
 
 
- TV sahəsində olduğu kimi, yazılı mətbuatda da öz sözünü demiş karifey jurnalistlərdənsiniz. Əvvəlcə, yazılı mətbuat haqda bir qədər söhbət edək. Öz dövrünüzlə, qəzetçiliklə bugünkü elektron mediani necə müqayisə edirsiniz. Sankı yazmaq üçün şərait, yazı sayı çoxalsa da, səviyyəli yazılar çox az olur. 
- Elektron media bir çox yanaşma tərzini dəyişdi. Məsələn, mən öz dövrümüzdən danışsam, jurnalistika fakultəsinin tələbələri üçün öz imzasını qəzet səhifəsində görmək unudulmaz anlar demək idi.  Ancaq  elektron mediada sanki bu məsələlər adiləşib, dəyərini itirib. Yəni hər kəsin yazdıqları çap oluna, oxuna bildi. Nə qədər ki, yazılı mətbuat, qəzet vardı, çap olunma ehtimalı elə də yüksək deyildi. Sənin yazı səviyyən, intellektual səviyyən, baxışın gör nə qədər fərqli və müasir olmalı idi ki, yazın qəzet səhifələrində yer alsın. Bu olduqca yaxşı hal idi... İnsan öz üzərində işləmək məcburiyyətində qalırdı. Onun yazısı redaksiyada qəbul olunmayanda və faktlarla sübut ediləndə ki, yazısı qüsurludur, həmin adam gedib öz üzərində işləyirdi. Ancaq indi elədir ki, çap olunmaq problemi yoxdur. Çünki çap olunmağa ehtiyac da yoxdur. Elektron medianı qoyaq bir kənara, adi sosial şəbəkədə hər kəs fikrini bildirir deyə, sərhədlər pozulur, dəyərlər yoxa çıxır. Məsuliyyətli yanaşma zəiflədi, orfoqrafik səhvlərdən tutmuş, üslüb səhvlərinə qədər, hər şey adiləşdi. Hətta elə bir vəziyyət yaranıb ki, sən onun yanlış olduğunu deyəndə belə, o adamın xoşuna gəlmir. Deyir, hə, nə olsun, "da", "də"ni bitişik, ya ayrı yazmışam. Amma izah edirsən ki, "mən də" ayrı şeydir, "məndə" ayrı. Burada məna da dəyişir. Əgər bir fərqi olmasaydı, vaxtilə bunun üstündə o qədər insanlar baş sındırb çalışmazdı. (gülür)...
 
Sonra bir sıra ifadələr var ki, Azərbaycan dilində qarşılığı olduğu halda, onu mütləq şəkildə əcnəbi dillərdə işlətmək meyilləri gücləndi. Məsələn, məni ən çox narahat edən bir neçə sözü qeyd etmək istərdim. Bizim dilimizdə "sabit" sözü olduğu halda, əksəriyyət bunu "stabil" sözü kimi işlədir. Və yaxud da,  Azərbaycan dilində "yarış" sözü var, "yarışma" sözü yoxdur. "Yarışma" sözü bizdə əmr formasında istifadə edilir. Nümunə üçün deyim, "o, güclüdür, onunla yarışma". Bu söz, burada işlənir. Ancaq Türkiyə kanallarında eşitdiyimiz "yarışma" sözünü eşidib, "yarış" sözünü "yarışma" ilə əvəz eləmişik. Əslində özünə peşəkaram deyən insan özünə belə şeyləri rəva görməməlidi. Əbəs yerə "Ana dili" deyilmir. "Ana dili" deyilirsə, demək ki, bu dil çox müqəddəsdir. Hər bir vətəndaş onun keşiyində dayanmalıdır, jurnalist isə belə məqamlara ikiqat yox, yüzqat məsuliyyətlə yanaşmalıdır. Çünki biz danışığımızla, yazımızla nümunəyik, bizə istinad edirlər. Biz "narahatlıq" sözünü "narahatçılıq" yazırıqsa, bununla kiçik nəsilə səhv bir mesaj ötürmüş oluruq. 
 
Narahatlıq doğuran məsələlərdən onu da qeyd etmək olar ki, müəllif öz yazdığı yazını sonra təkrarən oxumur. Buna çox fikir vermişəm. Yazıb, o cür də təhvil vermək düzgün deyil. Mənim ərkim keçən, gənc nəslin nümayəndələri arasında peşə nöqteyi-nəzərindən hansısa tövsiyyələri normal qarşılayan insanlara bunu hər zaman deyirəm ki, öz yazının redaktoru çalış, birinci özün ol. Həm səndə redaktorluq keyfiyyətlərini formalaşdırır, həm də sənin yazını savadlı insanlar oxuyanda ondan zövq alır. Bilir ki, bunu yazan insan qrammatikanı, dilimizi gözəl bilir. 
 
Bilirsiz indi hansı hiss itib deyərdim, istəyirsən şərhçi ol, istəyirsən yazılı mediada işlə, jurnalistikanın hansı sahəsi ilə məşğul olursansa ol, oxuyanın savadını fikirləşmək. Sən düşün ki, bunu bir akademik oxuyur, bir professor oxuyur, oxuyacaq, ona görə də yazına, danışığına o cür yanaş. Elə yanaşanda, daxili məsuliyyət hissin artacaq. Amma sən düşünsən ki, mənim bu yazımı deyək ki, orta məktəb şagirdi oxuyacaq, onda səndə o məsuliyyət hissi istər-istəməz biraz azalmış təsiri bağışlayacaq. Amma düşünməlisən ki, mənim yazımı professor, akademik oxuyacaq, Bu hiss özündə aşılamaq və düşünmək lazımdır. 
 
Mən bu gün hər hansı idman növündən efirdəyəm, şərh edirəm və hamı mənə qulaq asır. Gərək düşünməyəsən ki, səni dinləyən bu sahəni səndən az bilir. O sahəni səndən qat-qat yaxşı bilən insanlar var ekranın digər tərəfində. Əlinə qəzet alıb oxuyanlar arasında bu sahəni səndən qat-qat gözəl bilənləri var. Bu düşüncə sənə daim hakim olmalıdır. Əgər o sənə hakim deyilsə, sən peşəkar kimi formalaşmayacaqsan... Həmişə bir yarımçıqlıq olacaq. Yarımçıqlıq olanda istədiyin həddə gəlib çatmırsan. 
 
"Əvvəllər oxuyan çox idi, yazan az"
 
- Diqqətimi çəkən məqamlardan biri odur ki, telekanalarda idman sahəsi üzrə çalışan həmkarlarımızda yazılı mətbuata meyl yoxdur...
- Məsələyə geniş yanaşsaq, mütailə səviyyəmiz bir xeyli aşağıdır. Əvvəllər insanlarda kitab, qəzet oxumağa həvəs vardı. Əvvəllər oxuyan çox idi, yazan az idi, indi isə əksinə olub. Hamı yazır. Amma başqasının yazdığını oxumur, ona maraqlı gəlmir. 
 
- Rövşən müəllim, çoxdandır sizi şərhlərdə görmürük...
- Şərhlərdən kənar düşmək sırf işlə bağlıdır. Administrativ iş, hər şeyə cavabdehlik daşımaq çox vaxt, enerji tələb edir. Düzdür, baş şərhçilərin adından deyə bilmərəm, amma məndə belədir ki, hər hansısa bir oyuna hazırlaşmağım üçün ən azı 5-6 saat zaman lazımdır. Ancaq indiki vəziyyətlə o heç cür uyğun gəlmir. Bu, tamaşaçı önünə hazırlıqsız və yaxud da, az hazırlıqlı çıxmaq istəmədiyimdən irəli gəlir. Şərhlərdən kənar düşməyim yalnız və yalnız bununla bağlıdır. Amma şərhçilik mənim uşaqlıq arzum olub. 30 ildən çox bu arzu ilə yaşamışam. Peşə nöqteyi-nəzərindən kifayət qədər yetişdiyim bir vaxtda, 42 yaşımda ilk dəfə şərhə çıxmışam. Şükür Allaha, indiki nəslin o yaşda stajı olur televiziyada, mənim televiziya arzularım 42-43 yaşımda reallaşıb. Bunun da obyektiv səbəbləri var. Bizim dövrdə ölkənin cəmi bir dənə televiziya kanalı vardı. Ora isə rayonda yaşayan bir gəncin gəlib düşməsi çətin məsələ idi. Amma indi həm televiziya kanallarımızın sayı artıb, həm texnologiya tamamilə fərqli bir səviyyəyə çatıb. Getdikcə də inkişaf edir. Bizim dövrümüzlə müqayisədə indi potensialını göstərmək imkanı qat-qat çoxdur. Azacıq cəhd göstərsən, buna nail ola bilərsən. Təsəvvür edin, bir televiziya kanalı olanda, ora düşmək nə qədər çətin məsələ idi. Ancaq bu gün öz üzərində işləsən, imkanlar çox genişdi. 
 
Bütün uğurların arxasında zəhmət dayanır. İnsan çox şey istəyə bilər, ancaq heç bir istək durduğun yerdə sənin ayağına gəlməyəcək. Sən ona doğru getməlisən. 
 
"Bu, Azərbaycan şərhçiliyinə mənfi təsir göstərir, onu gözdən salır"
 
 
- Sizin dövrlə müqayisədə məqsədə gedən yolun daha asan olması gənc nəsildə arxayınlıq yaradır?
- Sovet dövründə Güclülər dəstəsində çıxış edən komandamız "Neftçi"nin keçirdiyi 30 oyunun 15-i Bakıda olurdu. 5 kubok oyununu da desək, oldu maksimum 20 oyun. Hərdən isə həndbol, voleybol, otüstü hokkey, su polosu komandamızın da oyunu olardı. Yəni ümumilikdə götürdükdə, il ərzində şərh olunacaq yarışların sayı gəlib heç 50-yə çatmırdı. Ancaq indi 50 şərh bizdə 1 həftə, və ya 1 ay ərzində olur. Bizim dönəmlə müqayisədə ildə 10 dəfə artıq şərhlər olur. O dövrdə heç idman kanalı olmayıb. Ancaq indi idman kanalları var, hər kanalda müxtəlif profilli idman verilişləri var və aparıcılara təlabat artıb. Bu təlabatın artmasının fonunda onlar biraz əlçatan olub. Bir şey nə qədər əlçatmazdırsa, insan ona çatmaq üçün çox cəhd göstərir. Ancaq bir şeyə ki, asan nail olursan, həm keyfiyyətə təsir göstərir, həm də məsuliyyət hissinə. Bizim şərhçilərimiz var ki, həftədə 3-4 oyun şərh edir. Sovetlər dönəmində bir şərhçi indiki şərhçinin 1 həftədə etdiyini 1 ildə edirdi. Görün nə qədər fərq var. Bir şərhçi həftədə 3-4 oyun şərh edirsə, ayda edir 12 oyun, bəzən daha çox da olur. İndi bizim dövrlə müqayisə edin. İlə maksimym 50 yarış, onu da aylara böləndə, aya düşürdü 4-5 yarış. Burada da deyək 3 nəfər şərhçi var. 4-5 yarışı 3 adam arasında böləndə bir nəfərə 1-2 yarış düşürdü. İndi isə bundan qat-qat artıqdır. Kəmiyyət tərəfindən çoxalma var, keyfiyyətini də artırmaq lazımdır. Nə qədər kəmiyyət artsa da, hər birinə lazımı qədər hazırlıq edib, tamaşaçı qarşısına bütöv şəkildə çıxmaq lazımdır. 
 
Bəzən şərhlərdə eşidirəm ki, şərhçi tamaşaçıya deyir ki, "səhv eləmirəmsə, filan futbolçu bu mövsüm ikinci dəfə penaltini vura bilmədi". Heç vaxt tamaşaçı önüna belə hazırlıqsız çıxa bilməzsən. Ya bunu dəqiq deməlisən, ya da belə yarımçıq deməməlisən. "Səhv eləmirəmsə" orada demək olar ki, inanılmaz hadisə baş verir və sən deyirsən ki, "Səhv eləmirəmsə, 80-ci ilin yarışında belə bir epizod olmuşdu". Burada yerinə düşə bilər, amma sən çempionatın oyununda şərhçisən, dəqiq məlumatın varsa, de, yoxdursa, "səhv eləmirəmsə" demək olmaz. Sən bilmirsən, amma ekranın o başında izləyən tamaşaçı bilir. Nə yaranır onda? Ümumi şərhçilər barədə mənfi fikir yaranır. Bir şərhçinin səhvi, bir şərhçinin işinə məsuliyyətsiz yanaşması bəzən bütövlükdə həmin kanalın şərhçilər korpusuna mənfi təsir göstərir. Biraz da geniş yanaşsaq, Azərbaycan şərhçiliyinə mənfi təsir göstərir, onu gözdən salır. Və tamaşaçılar da başlayırlar başqa ölkələrin şərhçilərini üstün tutmağa. Səhv başqa şeydir, fakta laqeyd yanaşmaq başqa şeydir. Demək ki, şərhə normal hazırlaşmamısan, tamaşaçı qarşısına natamam çıxmısan. Belə olan halda, mənfi fikir formalaşır. Ona görə də, hər bir şərhçi tək özünü yox, təmsil etdiyi şərhçilik ailəsini düşünməlidir. 
 
frat çılğınlığın tamaşaçıda qıcıq yarada bilər"
 
 
- Rövşən müəllim, şərhçi şərhi zamanı daha çox biliyini ortaya qoymalıdır, tamaşaçıya məlumat çatdırmalıdır, yoxsa emosiyasını? 
- Mənim fikrimcə, meydanda baş verən hadisələrin ruhunu düzgün tutmaq lazımdır. Elə şərh var ki, proses elə məcrada davam edər ki, sənin orada ifrat çılğınlığın tamaşaçıda qıcıq yarada bilər. Çünki sənin o çılğınlığınla meydanda baş verən həmahənglik təşkil etmir. Bu, artıq olanda da mənfi haldır, olmayanda da. Yəni, meydanda baş verən hadisələrlə emosiya bir-birini tamamlamalıdır. Misal üçün, fiqurlu konkisürmə, və ya bədii gimnastika yarışı deyək. Bədii gimnastikanın danışıq tərzi ilə futbol, voleybol şərhi eyn ola bilməz. İkisi də şərhdir, ikisini də şərhçi çatdırır, ancaq bədii gimnastikada gözəllik var, onu şərh edərkən işlədilən ifadələr də gözəl, yumşaq olmalıdır. Hokkeydə, futbolda sərtlik var, başqa cür danışmalısan. 
 
Bədii gimnastika zamanı musiqi səslənir, idmançının hərəkəti musiqi ilə həmahənglik təşkil edir. Tamaşaçı idmançının musiqi ilə nə dərəcədə düzgün hərəkət etdiyini görməlidir. Şərhçi danışırsa, tamaşaçı musiqini eşitməyəcək. Eşitmədiyinə görə isə, idmançının hərəkəti dorğu icra edib-etmədiyini tamaşaçı müəyyənləşdirməkdə çətinlik çəkəcək. Demək ki, harada susmaq lazımdır, harada danışmaq lazımdır, bunların hamısı ustalıq, ciddi hazırlaşmaq tələb edir. Yoxsa gimnastikanı da eyni cür danış, voleybolu da eyni cür danış, hətta mən deyərdim ki, kişi voleybolu ilə qadın voleybolu arasında fərq var. Qadın voleybolunda daha fərqli ifadələrlə danışmaq uyğundur. O rejissor işində də özünü göstərir. Fikir verin, bəzən qadın voleybolunda kamera bir idmançının gözlərini göstərir. Bu, efir gözəlliyidir. Qadın gözəlliyi ilə efirini gözəlləşdirir. Kişi voleybolunda buna rast gələ bilməzsiniz. O vaxt rast gələrsiniz ki, orada qəzəb var. 
 
Şərhdə də belədir. Əgər onu tədbiq edə biləsənsə, uğurlu olacaq. Düzdür, hamı tərəfindən sevilə bilməzsin. 10 adamdan biri çıxıb deyəcək ki, mən bəyənmədim, bu, normal bir şeydir. Amma bu gün biz obyektiv yanaşmadan danışırıq. Onların fərqləri var, sən o ruhu tutmalısan. Şərhçinin şərhdəki uğuru meydanda baş verənlərin ruhunu düzgün tutmasındadır. Onu düzgün tutsa, düzgün də çatdıracaq. Təbii ki, burada söz ehtiyatı , cümlə qurmaq səlistliyi, mübtəda-xəbərin yerində olması, sözlərin çox təkrarlanmaması da vacibdir. Bir də görürsən şərhçi "və"dən çox istifadə edir, özü onu unudur və cümlələrin hamısını "və" ilə bağlayır. Dünyanın bir çox yerlərində efir rejissorları var, şərhçinin yalnışlarını anında deyir. Çünki şərhçi bəzən düşür auraya, eyni sözü başlayır tez-tez təkrarlamağa, orada sözün yaxşı mənasında balaca bir sillə lazımdır ki, ayılsın. (gülür)... Röya xanım, şərhçiliyin çox incəlikləri var. Bir cümlə ilə ifadə etməli olsaq, baş verənlərin ruhunu tutmaq. Emosionallıq baş verənlərlə həmahənglik təşkil edirsə, qəbul olunacaq. Çox adamın xoşuna gəlsə də, şəxsən Braziliya şərhçiləri mənim heç xoşuma gəlmir. Onların qışqırmasını heç bəyənmirəm. Birdən olur ki, yarım dəqiqə "Qol" sözünü uzadır. O nə dərəcədə xoş olar? Etik nöqteyi nəzərdən də doğru deyil. 
 
Ola bilər ki, sən öz komandanın oyununu şərh edirsən, məsələn, Azərbaycan idmançısının iştirakı ilə keçirilən yarışda sən elə emosiyanallıq  ortaya qoya bilərsən ki, o səmimi şəkildə içindən gələn hisslərdir. Heç vaxt da təkrar olunmayacaq bir emosiyadır. Amma ki, xarici yarışlarda, misal üçün, bizdə yayımlanan İngiltərə Premyer Liqasında şablon emosiyanı verməliyik. Çünki orada bizim komanda oynamır. Ancaq bizim idmançımızın hansısa yarışda elə bir nailiyyəti ola bilər ki, sən görünməyən bir emosiyanallıq nümayiş etdirərsən. Onunla da sən öz möhürünü vura bilərsən. 
 
Mənim şərhçilik dövrümdə bədii gimnastımız Aliyə Qarayevanın Avropa çempionu olması unuda bilmədiyim məqamlardan biridir. Olimpiya kompleksinin açılış mərasimini şərh etmişdim. Ümumilli lider Heydər Əliyevin açılış mərasimində iştirak etmişdi. Kənarda bayraqla dayanın qızın bayrağı gətirdiyi anda təsirləndim. Cüdoçumuz Elnur Məmmədli Olimpiya çempionu olanda efirdə idim. Çempion olan Elnur Məmmədli podyuma qalxır və ona qızıl medal İlham Əliyev təqdim edir. İnanılmaz bir şeydir, gözləmirsən. Qəfildən baş verəndə, gözəllik də ordadır, ustalıq da. Bənzəri olmayan hisslərdir. Həmin məqamlarda da efirdə olmağıma çox məmnunam. Unudulmaz anlar idi, onu heç nə ilə müqayisə edə bilmirsən. Sadəcə həmin anda yaşayırsan və yaşadığını obrazlı şəkildə çatdırırsan. O bir dəfə olur, anı tutdunsa, çox gözəl, tuta bilmədinsə, o bir də təkrarlanmır. Yəni, şərhçinin ustalığı elə məqamlarda özünü göstərir. Televiziyanın dili görüntüdür, onu dilləndirən də şərhçidir. 
 
"Bəzən hesab edirlər ki, uzun cümlə qurmaq insanın savadını göstərir "
 
 
- Yəni, bəzi tamaşaçıların, azarkeşlərin düşündüyü kimi, şərhçilik əslində sadəcə qışqırmaqdan ibarət deyil...
- Deyil. Qışqırmaq heç lazım da deyil. Yüksək tonda danışmaq ayrı şeydir, qışqırmaq ayrı şey. Qışqırmaq nəyə lazımdır ki?! Çünki sən qışqıranda dediyini insanlar heç anlamır. Şərhi qoyaq bir kənara, adi danışıqda da gərək elə şeylər olmasın. Elə danışmalısan ki, insanlar dediyini başa düşsün. Anlaşılan tərzdə danışmaq lazımdır, sadə danışmaq lazımdır. Bəzən hesab edirlər ki, uzun cümlə qurmaq insanın savadını göstərir. Xeyr...3-5 sözdən o yana keçməməlisən. Ki, səni başa düşsünlər. Hələ cümlələri qoyuram bir kənara, bəzən şərh zamanı bir neçə fikri bir cümlədə deyirlər. Bir məsələ qalır kənarda, fikrin getdi tamam başqa məsələyə. Sən əvvəlcə bir fikri de, ondan sonra de ki, xatırladım ki, belə bir hadisə də olmuşdu. Bir-neçə məsələni bir cümləyə salanda fikir qarışır və tamaşaçı sənin əsas nəyi demək istədiyini unudur. 
 
Danışdıqca, görürsüz nə qədər incəliklər çıxır. Bu incəlikləri bilməyən insanlar yeri gəldi-gəlmədi şərhçiləri tənqid edirlər. Ancaq bir dəfə gəlib mikrafon arxasında əyləşib, çox demirəm 3-5 dəqiqə bildiyi prosesi icra etməyə çalışsa, onda bu işin çətinliyini görəcək. Bunu edən insanlara da mənəvi dəstək olmaq lazımdır. Bəzən yersiz tənqidlər, qərəzli fikirlər insanı sevimli peşəsindən uzaqlaşdıra bilər. Belə hallar az olmayıb. Elə olub ki, mən özüm də demişəm ki, daha şərh etmək istəmirəm. Baxıram ki, axı haqsız deyilir, axı belə deyil, bu adam bunu deyir, amma dediyinin yalnış olduğunu anlamır, səhv bilir. Və səhv bildiyini halda da, doğru olduğunu təsdiqləməyə çalışır. Kiminsə əlində imkan varsa, haradasa yazı yaza bilərsə, və yaxud da sosyal şəbəkədə kiminsə ünvanına yazmaq məhdudiyyəti yoxdursa, o demək deyil ki, götürüb insanların yaxşı işlərinin üstünə xətt çəkəsən. Heç kimə bu haqq verilməyib. Ancaq indi belə imkanlar var və bundan istifadə də olunur. Kimsə buna təhrik olunur, özü yaza bilmir, başqasına deyir ki, filankəs haqqında belə bir şey yaz... Bunların hamısının yekununda bizim şərhçiliyimizə zərbə vurulur. Bununla biz itiririk, bu sənəti ucuzlaşdırırıq. Misal üçün, 90 dəqiqə gözəl bir şərh  və bir yerdə hardasa bir yalnışlıq olubsa, 90 dəqiqəlik şərhi bir yalnışlığa qurban vermək olarmı?! Halbuki, istər Rusiya şərhçilərini, istər Türkiyə şərhçilərini diqqətlə dinləsəniz, istər dil üslubu baxımından, istər faktologiya baxımından kifayət qədər səhv taparsınız. Özünü hamıdan üstün tutmaq yaxşı hal deyil. Mən demirəm ki, pisimizə yaxşı deyək. Amma tənqidi fikri dedikdə, yaxşı tərəfi də demək lazımdır. Bu gün mən sizə tam əminliklə deyirəm ki, bəzilərinin "Azərbaycanda şərhçilik məktəbi yoxdur" fikri kökündən yalnışdır. Azərbaycanda şərhçilik məktəbi var və onun nümayəndələri olub. Allah rəhmət etsin, bir çoxu dünyasını dəyişsə də, hazırda yaşayanlar da var. Allah onlara da can sağlığı versin. Bünövrəni onlar qoyublar. 70-ci illərdəki şərhlə bugünkü şərhi eyniləşdirmək olmaz. Dünyada da elə deyil. Bizə şərhçilik Rusiyadan gəlib, bəyəm onlar 70-ci illərin şərhləri bugünküləri eyniləşdirirlər?! Arada çox böyük fərq var. Zamanı unutmaq olmaz, dövr dəyişib. Bu gün fəaliyyət göstərən şərhçilərimiz də Azərbaycanda şərhçilik məktəbinin davamçılarıdır. 
 
Röya Kərimli
 
0