Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşləri start götürüb.
HİT.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində ilk qolu 6-cı dəqiqədə Maksim Medvedev vurub. Patrik Andrade 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 48-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qoluna imza atıb.
İlk görüşdə rəqibini 3:1 hesabı ilə üstələyən Qurban Qurbanovun yetirmələri yarımfinala vəsiqə qazanıb.
Günün digər matçında "Səbail" Bakıda "Sumqayıt"la üz-üzə gəlib. İlk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edəcəkdi. Lakin "kimyaçılar" səfərdə 2 qol vuraraq meydan sahiblərini mübarizədən kənarlaşdırıb.
Beləliklə, "Qarabağ" və "Sumqayıt" yarımfinald üz-üzə gələcək.
Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.