"Xəzər Lənkəran"ın heç vaxt belə şeylərdə əli olmayıb"

İDMAN
18:25 / 24.05.2020
1682

Moldovanın "Nistru" klubunun keçmiş futbolçusu Katalin Likioyu 2006-ci ildə "Xəzər Lənkəran"la Bakıdakı görüşdən öncə, ona və daha iki komanda yoldaşına zəif çıxış etmələri müqabilində qarşı tərəfdən 250 min dollar pul təklif edildiyini bildirən müsahibəsini sizə təqdim etmişdik.

"Xəzər Lənkəran"yarandığı gündən klubda müxtəlif vəzifələrdə çalışan və 2008-ci ildən komandanın rəisi vəzifəsini icra etmiş Səməd Mustafayev məlum iddia ilə bağlı Sportinfo.az-a açıqlama verib:

"Bu söhbətlər yalandı. Bunu deyən futbolçu ən azından 250 min dollar təklif edən insanın adını çəkərdi. Ad və soyad da yadında qalmayıbsa, klubdakı vəzifəsi yəqin ki, yadında olardı. Guya həmin futbolçuya böyük məbləğdə pul təklif olunub. Belə bir şeyi iddia edən adam heç olmasa həmin şəxsin klubda olan vəzifəsini deməli idi. "Xəzər Lənkəran"ın nəinki 2005/06 mövsümündə, ümumiyyətlə, heç vaxt belə şeylərdə əli olmayıb. O dönəmdə mən komandanın rəisi vəzifəsində deyildim, daha çox Bakı ofisində otururdum. Amma əminəm ki, bu deyilən mümkün olan bir şey deyil".

Keçmiş klub rəsmisi "Xəzər Lənkran"la bağlı mənfi şeylərin son 3-4 ildə ortaya çıxdığını bildirib: "Hazırda Azərbaycanda deyiləm. Amma mətbuatda yazılanları izləyirəm. Son vaxtlar "Xəzər Lənkəran"nın keçmiş futbolçuları da klub haqqında xoş olmayan fikirlər bildirirlər. Mən komandadan 2014-cü ildə ayrılmışam. 2014-ə kimi istər o klubdan ayrılan futbolçular, istərsə də ətrafda olan başqa insanlar "Xəzər Lənkəran" haqda mənfi rəydə deyildi. Amma indi belə şeylər danışırlar. Elə götürək, hazırda yazılan iddianı. Nə oldu 14 il öncə baş vermiş hadisə indi ortaya çıxdı? Niyə 5-6 il əvvəl bu söhbətlər yox idi, amma indi üstündən 14 il keçəndən sonra hansısa futbolçu belə bir iddia irəli sürüb. Əgər bunu edibsə, o zaman buyursun həmin insanın heç olmasa klubdakı vəzifəsini də açıqlasın. Bu şeylər xoş olmayan hallardı".

0