"Hamı fikirləşirdi ki, bir də futbola qayıda bilməyəcəm" - FOTO

İDMAN
23:10 / 24.05.2020
1634

"Neftçi"nin Qarabağda döyüşmüş futbolçusu Novruz Əzimov: Arzu və istəyə çatmağın yeganə yolu zəhmətə alışmaqdır

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Hər insanın bir sahədə bacarığı, yaxud istedadı olduğunu düşünür. Deyir ki, ancaq onu kəşf etmək bəs deyil. Gərək insan öz zəhməti ilə o bacarığını daha da təkmilləşdirsin. Onun da istedadı futbol oynamaq olub. Zəhməti ilə itilədiyi bu istedadı ona bir çox uğurlar qazandırıb. Müsahibim Azərbaycanın məşhur futbolçusu, "Neftçi"nin sabiq üzvü Novruz Əzimovdur. Onunla söhbətimizdə keçmiş futbolçunun uşaqlıq və gənclik illərinə səyahət etdik.

1960-cı ildə Laçın rayonunun Alıqulu kəndində dünyaya gələn həmsöhbətim deyir ki, 1961-ci ildə Mehdiabad qəsəbəsinə köçüblər. Müsahibimin uşaqlıq illəri Mehdiabad qəsəbəsində keçib: "Atam neftçi idi. 1946-cı ildən Bakıda neft sənayesində çalışırdı. Mənim uşaqlıq illərdim də elə Mehdiabadda keçib. Biz ailədə beş qardaş, üç bacı olmuşuq. O illərdə Mehdiabadda cəmi iyirmiyə yaxın ev olardı. O vaxt evlərin hasarları taxtadan düzəldilirdi. Böyük ailə təsərrüfatları olurdu. Biz də həyətimizdə toyuq, cücə, hinduşka saxlayırdıq. Ailəmiz böyük idi. Uşaqlar həm də təsərrüfatla məşğul olurdu, ailəyə kömək edirdi. İkinci sinifdə oxuyanda qoyun-quzu otarırdım. Sonra isə meydançaya - futbol oynamağa qaçırdım".

Dəcəl uşaq olmuşam

Novruz Əzimov dəcəl uşaq olsa da, məktəbi əla qiymətlərlə bitirib: "1967-ci ildə birinci sinfə getmişəm, ancaq beş yaşımdan yazmağı öyrənmişdim və vurma cədvəlini əzbər bilirdim. Bizim məktəb 8 illik idi. Sonradan tam orta məktəb oldu. O vaxta qədər 9-10-cu siniflər Digah və Fatmayidəki məktəblərdə oxuyurdu. Dəcəl uşaq olmuşam, amma dərslərimi də yaxşı oxuyurdum. Attestatımda bütün qiymətlərim beş idi. Təəssüf ki, bütün qiymətlərimizin əla olmasına baxmayaraq, mənimlə yanaşı, digər iki şagirdə də qızıl medal verilmədi. İbtidai sinifdə bizə Yəhya adlı müəllim dərs deyirdi. Bünövrəmizi o qoymuşdu. Bizim insan kimi formalaşmağımızda onun böyük əməyi var idi. Çox gözəl müəllim, unudulmaz insan idi".

Həmsöhbətim o illərindən yadında qalan maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "9-cu sinifdə oxuyanda, dəcəllik etmişdim. Buna görə məni məktəbdən qovmaq istəyirdilər. Direktorumuz dedi ki, sən bizim məktəbdə oxumağa layiq deyilsən. Gəl sənədlərini götür, çıx məktəbdən. Evdəkilərə bu barədə heç nə deməmişdim. Binəqədidəki məktəbə keçmək istəyirdim. İdman müəllimim Zaman Səfərov Binəqədinin kəndində qalırdı. Təsadüfən yolda onunla rastlaşdıq. Soruşdu ki, sən burda nə gəzirsən? Hadisəni olduğu kimi danışdım. Zaman müəllim direktora dedi ki, bir səhvə görə uşağı məktəbdən çıxarmaq olmaz. Bir xeyli tənbeh və danlaqdan sonra öz məktəbimə qayıtdım. Orta məktəbi də elə Mehdiabadda bitirdim".

Gündə 3-4 saat futbol oynayırdıq

Deyir ki, futbola marağı uşaqlıqdan olub: "O vaxt Mehdiabadda geniş meydançalar var idi. Həyətimizdən stadiona qədər olan məsafə 60 metr idi. Qoyun-quzunu otarandan sonra məktəbimizin həyətindəki stadiona futbol oynamağa qaçırdım. Gündə 3-4 saat orada futbol oynayırdıq. 1966-cı ildə "Neftçi" SSRİ çempionatında üçüncü yeri tutmuşdu. SSRİ yığmasında bir sıra azərbaycanlı futbolçular iştirak edirdi. O dövrdə futbola böyük maraq var idi. Mehdiabadın özünün komandası var idi, hansı ki, bu komanda Azərbaycan çempionu olmuşdu. 1966-cı ildə "Neftçi" ilə "Kutaisi" arasında oyun var idi. Qonşumuz rəhmətə getmişdi deyə, valideynlərimiz televizoru açmağa icazə vermirdi. Məcbur olub böyük qardaşımla onun sinif yoldaşıgilə getdik. O oyun indiyə kimi mənim yadımdadır. "Neftçi" "Kutaisi"ni 7-0 məğlub etmişdi".

İlyarım futbol oynamadım

Keçmiş futbolçumuz 1977-ci ildə Moskvaya dəvət olunur, ancaq təklifi qəbul edə bilmir: "O vaxt hər ilin sonunda Nəcəfqulu Rəfiyev adına turnir təşkil olunurdu. Naxçıvanın "Araz" komandası da SSRİ çempionatının ikinci liqasında çıxış edirdi, məni də komandaya dəvət etdilər. Beləliklə, turnirə qatılmaq imkanı əldə edirdim. Həmin vaxt həm də İnşaat Mühəndisləri İnstitutunun tələbəsi idim. Məni komandaya götürürdülər, amma maaş verilməyəcəkdi. Futbol klubunun bazası olmadığına görə, Moskvada oteldə qalmalı idim. Tələbə olduğumu fikirləşdim və razılaşmadım. Azərbaycan çempionatında çıxış edən "Suraxanı" klubu var idi, ora qəbul olundum. Artıq qəti qərara gəlmişdim ki, futbolçu olmalıyam. İnstitutdan sənədlərimi götürdüm və çıxdım. Attestat qiymətlərim əla olduğu üçün beş yox, iki imtahan verdim və Bədən Tərbiyəsi İnstitutuna qəbul olundum. 1982-ci ildə "Neftçi"yə dəvət aldım. O il "Neftçi"nin heyətində ardıcıl 10 oyunda çıxış etdim. 1982-ci ildə diz oynağımdan ağır zədə aldım. Bu zədədən sonra ilyarım futbol oynamadım. Fikirləşirdim ki, bir də futbola qayıda bilməyəcəm. Amma sağaldım və futbola qayıtdım".

1985-ci ildə "Neftçi"yə döndüm

Novruz müəllim hərbi xidmətdə də futbol oynadığını deyir: "1983-cü ilin sonunda hərbi xidmətə çağırıldım. Əsgərliyim Lvovda keçib. O dövrdə ali təhsillilər ilyarım xidmət edirdi. Sonradan "Lvov"un heyətində SSRİ çempionatında üçüncü yeri tutduq. Hərbi xidmət müddətim bitəndən sonra mənə zabit kimi qalmağı təklif etdilər, ancaq Bakıya qayıtmağı seçdim. 1985-ci ildə "Neftçi"yə qayıtdım və əsas heyətin üzvü oldum. Əsas heyətdə 16 oyun oynadım. Oyunların birində sürüşmə fəndi ilə topu çıxartdım və rəqib ayağıma vurdu. Sol ayağım iki yerdən sındı. Bu mənim üçün daha ağır zərbə oldu və idmançı kimi karyeramda böyük fəsad törətdi. O zaman artıq hamı fikirləşirdi ki, bir də futbola qayıda bilməyəcəm. Ruhdan düşmədim, çox çalışdım və yenidən qayıtdım. Əslində məşqlərə tez qayıtmışdım və əzələlərim buna hazır deyildi. Topuğumda şiş əmələ gəlmişdi deyə, hərəkətim məhdudlaşırdı. 1986-cı il mayın axırlarında Xarkovda oyuna çıxdım. Amma bu zədələr mənə psixoloji olaraq da ciddi təsir etmişdi".

Müsahibim ilk gəlirini belə xatırlayır: "Mehdiabadda olanda həftədə iki-üç dəfə məşqə gedirdik. Məşq olmayan günlər isə işləyirdik. Üzüm yığılmasında və daşınmasında iştirak edirdik. Yuxarı siniflər üzüm yığımında iştirak edirdi. Mən də ilk gəlirimi 7-ci sinifdə üzüm yığımında qazanmışdım. 22 manat pul vermişdilər. Yadıma gəlir ki, o pulu dəftər-kitaba, bir hissəsini də evə xərcləmişdim. 9-cu sinifdə oxuyanda isə müxtəlif işlərdə çalışırdım. Elə olurdu ki, bir günə 30-40 manat pul qazanırdım. Bu, o dövr üçün böyük məbləğ idi".

Rəhbərliyə bildirdim ki, Azərbaycana qayıtmalıyam

Müsahibim 1992-ci ildə karyerasına fasilə verib, Qarabağ uğrunda döyüşlərə qatılır: "1992-ci ildə Çeçenistanın paytaxtı Qroznıda idim. Xocalı faciəsi haqda televiziyadan xəbər tutdum. Müqavilə imzalasam da, rəhbərliyə bildirdim ki, Azərbaycana qayıtmalıyam. Baş məşqçi bu fikrimlə razı olmasa da, klubun prezidenti məni anlayışla qarşıladı. Getməyimə etiraz edənlər çox idi. Mart ayında Azərbaycana qayıtdım və orduya yazıldım. Laçın özünümüdafiə batalyonuna könüllü olaraq qoşuldum. Oktyabr ayına kimi vətənimizin müdafiəsində mən də iştirak etdim".

Bu yaxınlarda 60 yaşını tamam edən futbolçunun üç övladı var: "Mən bir qədər gec, 1992-ci ildə ailə qurmuşam. Üç övladım - iki qızım, bir oğlum var. Mənim üçün insan tərbiyəsinin əsasını düzgünlük, halallıq, böyüklərə, kiçiklərə hörmət təşkil edir. Elə öz övladlarımın tərbiyəsində də bunları daim əsas götürmüşəm. Mənim üçün təhsil çox vacibdir. Hər üçün övladım ali təhsil alır. Böyük qızım ADA Universitetində magistr təhsili alıb. İndi isə İstanbulda doktorantura təhsili alır və eyni zamanda orada dərs deyir. Kiçik qızım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. Oğlum isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Hələlik heç bir övladım ailə qurmayıb deyə, baba olmaq qismət olmayıb".

Müsahibim sonda gənclərə öz tövsiyəsini də verdi: "Gənclərə tövsiyə edərdim ki, özlərini kiçik yaşdan zəhmətə alışdırsınlar. Zəhmət insanın ən ali dəyəridir. İstənilən insanın hansısa sahədə bacarığı, yaxud istedadı var. Onu yalnız zəhmətlə üzə çıxarıb inkişaf etdirmək olar. Arzuya və istəyə çatmağın yeganə yolu zəhmətə alışmaqdır. Həmçinin düzgünlük və halallıq insanın ən əsas keyfiyyəti olmalıdır".

Milli.Az

0
Milli.az