Azərbaycan Premyer Liqası: Bürünc medalın sahibi müəyyənləşdi

İDMAN
21:04 / 19.05.2021
1520

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.

Səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb. 90+3-cü dəqiqədə "dənizçilər"in müdafiəçisi Adil Nağıyev qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub. "Gənclik şəhəri" təmsilçisi 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda tarixi ərzində ilk dəfə medal qazanıb.

"Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. Matçda ilk qolu 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Ramil Şeydayev vurub. "Qartallar" 72-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Penaltidən fərqlənən Qismət Alıyev tarazlığı bərpa edib. Lakin 89-cu dəqiqədə Masazır təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. Bu dəfə Xulio Sezar Rodriges keçmiş komandasını cəzalandırıb. Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.

Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gələn "Keşlə" sonuncu pillədən xilas olub. Qarşılaşmada hər 3 qol ilk hissədə vurulub. "Keşlə"nin heyətində 15-ci dəqiqədə Şəhriyar Əliyev, 1 dəqiqə sonra isə Silvio Rodriges fərqlənib. 26-cı dəqiqədə qonaqlardan Ceyms Adeniyi fərqi azaltsa da, "qırmızı-qaralar"ın bundan artığına gücü çatmayıb. 90+6-cı dəqiqədə Vüsal İsgəndərlinin qolu yekun hesabı müəyyənləşdirib. Bu qələbədən sonra xallarını 26-ya çatdıran paytaxt təmsilçisi 6-cı pilləyə qalxıb. Eyni xala malik "Qəbələ" 7-ci olub. 24 xalı olan "Səbail" isə mövsümü son sırada başa vurub.

Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Dalğa Arena"dakı görüş çempionun adına aydınlıq gətirəcək.

0