"UEFA-nın yeni qaydaları çıxır. Avrokubok və ölkə kubokunun oyunlarında səfər qoluna öyrəşmişdik. Buna xüsusi motivasiya, hazırlıq olurdu".
Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov avrokuboklarda səfər qolunun ləğvi barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis bildirib ki, yeni qərar futbolçuların daha çox yüklənməsinə səbəb ola bilər: "Bu qaydanın ləğvi yenilikdir. Görək, necə fayda verəcək. İlk baxışdan görünür ki, əlavə vaxtlar çox olacaq. Bu amil baş məşqçi kimi məni bir az narahat edir. Çünki avrokubokda çıxış edən komanda sıx qrafiklə oynamalı olur. Əlavə vaxtların çoxluğu futbolçuların daha çox yüklənmələri deməkdir. Bu isə gələcəkdə problem yarada bilər. Bu dəqiqə nə isə demək çətindir".
Qeyd edək ki, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" II təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisi ilk oyununu iyulun 21-də səfərdə, cavab matçıni isə iyulun 29-da evdə keçirəcək.