Azərbaycan millisinin üzvü Anatoli Nuriyev Ukraynanın "Minay” klubunda ayrılıb.
HİT.az xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçi "Facebook" səhifəsində paylaşım edib. Ukrayna təmsilçisinə təşəkkürünü bildirib Nuriyev yeni klubu ilə bağlı açıqlama verməyib:
"Mükəmməl və emosional üç il oldu. Klub prezidentinə, məşqçilərə, birlikdə oynadığım bütün futbolçulara, xüsusilə də, azarkeşlərə - hər kəsə təşəkkür edirəm. Sizsiz futbol maraqlı olmazdı. Mənə və komandamıza inanan hər kəsə minnətdaram. "Minay” ailəsinin bir üzvü olduğum üçün sevincliyəm”.
Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Nuriyev komandanın kapitanı idi. O, ötən mövsüm meydana çıxdığı 24 oyunda 10 qol vurub və 1 məhsuldar ötürmə edib. "Minay" 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib. Anatoli əvvəllər Ukraynanın "Hoverla", "Munkax", "Seredni" və "Stal" klublarında forma geyinib.
25 yaşlı futbolçu bu ildən Azərbaycan millisinə dəvət alır. O, A millinin heyətində 3 oyuna çıxıb.