Ermənilərin Rusiyada Azərbaycana qarşı növbəti təxribatı - FOTO

İDMAN
17:02 / 29.06.2021
1957

Azərbaycan Boks Federasiyası Rusiyanın Soçi şəhərinin Adler rayonunda ermənilərin keçirdiyi beynəlxalq turnirdə yol verdiyi qanunsuzluqla bağlı müvafiq qurumlara etirazını bildirib.

Bu barədə federasiyadan məlumat verilib:

“Bununla bağlı AIBA (Beynəlxalq Həvəskar Boks Assosiasiyası), EUBC (Avropa Boks Konfederasiyası), həmçinin Rusiya Boks Federasiyalarına etiraz məktubu ünvanlamışıq. Məktubda həmin adda hansısa “respublika”nın olmadığı vurğulanıb və yarışda erməni idmançılarının başqa adla çıxışı pislənilib. Ümid edirik ki, təşkilatçılar səhvlərini nəzərə alaraq lazımi addımı atacaqlar”.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərinin Adler rayonunda hərbi pilot, Sovet İttifaqı Qəhrəmanı, erməni əsilli leytenant Martiros Naqulyanın şərəfinə boks üzrə beynəlxalq turnir keçirilib. Yarış Rusiya Erməniləri Birliyinin Soçi şöbəsinin himayəsi altında baş tutub. 

Bu turnirdə ermənilər Azərbaycana qarşı təxribata əl atıb. Belə ki, tanınmamış respublikaların – qondarma Artsax və Abxaziyanın yeniyetmə və gənc boksçuları burada mübarizə aparıb.

İyunun 24-də yarışın açılış mərasimində Almaniyanı təmsil edən erməni idmançı, IBF və WBO versiyaları üzrə peşəkar boks üzrə dünya çempionu Artur Abraham (Avetik Abrahamyan) da çıxış edib. Əldə etdiyimiz məlumata görə, yubiley – 35-ci dəfə keçirilən bu turnirdə daha əvvəllər də Azərbaycan və Gürcüstan kimi qonşu ölkələrin suveren hüquqları pozulub.

1
oxu.az