"Milan" Fransa yığmasının hücumçusu Olivye Jirunu "Çelsi"dən transfer edib.
Qaynarinfo xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Müqavilənin detalları açıqlanmasa da, 35 yaşlı futbolçunun yeni komandasında "9" nömrəli formanı geyinəcəyi dəqiqləşib.
2012-ci ildə "Monpelye" "Arsenal"a transfer olunan Jiru "Topçular"ın heyətində meydana çıxdığı 253 matçda 105 qola imza atıb. Bununla yanaşı hücumçu "Arsenal"la birlikdə 3 dəfə İngiltərə Kubokunu qazanıb və eyni sayda "Community Shield"in qalibi olub. 2018-ci ildə "Çelsi"yə keçən futbolçu "Zadəganlar"ın heyətində 119 matçda 39 dəfə fərqlənməyi bacarıb. Bununla yanaşı o, "Çesli"nin heyətində 1 dəfə Çempionlar Liqası, Avropa Liqası və İngiltərə Kubokunu qazanıb.
Jiru 2011-ci ildə debüt etdiyi Fransa millisində ümumilikdə 110 oyunda 46 qolla yadda qalıb. O, 2018-ci ildə yığması ilə birlikdə dünya çempionu olub.