"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının 3-cü mərhələsinin AEL-lə (Kipr) cavab matçından sonra mətbuat konfransı keçirilib.
Hit.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazanaraq, pley-off mərhələsinə vəsiqə qazandıqları oyundan sonra bunları söyləyib:
- Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Son vaxtlar stadionlarda belə ab-hava, futbol həyəcanı yox idi. Sonda hər şey bizim xeyrimizə oldu. Bu nəticə bizim üçün vacib idi. Yaxşı komandaya qarşı oynadıq. Düşünürəm ki, ilk oyundakı səhvlərimizi burada etmədik. Rəqibə ciddi yanaşırdıq. Meydança da istədiyimiz kimi deyildi. Futbolçularımın meydandakı davranışından, yaxşı mənada döyüşməsindən çox razı qaldım. Vaxtımız azdır, qarşıdakı oyunlara hazırlaşmalıyıq.
- Növbəti turların başqa meydançada keçirilməsi üçün müraciət edəcəksiz?
- Bəlkə də, bu alınmayacaq. Müraciətdən sonra vaxt lazımdır, nümayəndə gəlib meydançalara baxmalıdır. Vaxtımız isə azdır. İnşallah, tezliklə düzələr.
- "Qarabağ" son 15 dəqiqə daha yaxşı oynadı. Bu da Filip Ozobiçin Kadi Malinovski ilə əvəzlənməsindən sonraya təsadüf etdi...
- İlk oyundan əvvəl də rəqibin baş məşqçisi Ozobiçi xüsusi fərqləndirmişdi. Görünür, ona qarşı xüsusi hazırlaşmışdılar. Meydança amilinə görə də futbolçular daha çox çalışırlar. Bəzən belə oyunların taleyini sonradan meydana daxil olan futbolçular həll edir.
- Azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə klub cəzalanacaq. Bu qələbəyə gərə dəyərmi bu cəza?
- Dəyər. Azarkeşlər stadionun bəzəyidir.
- Kiprdəki oyundan sonra məlum təxribat haqda danışanda yayım kəsilmişdi. Özünüzdə bu komandaya qarşı şəxsi qıcıq var idi?
- Belə hallar məndə olub. Sərt reaksiya verdiyim vaxtlar olub. Bəli, içimdə daha hiddətli qələbə arzusu var idi. Mən azarkeşlərin hərəkətinə görə yox, bu komandaya qarşı oyunda qələbə qazanmaq istəyirdim. Çünki əvvəl də demişdim ki, bu komanda ilə oynamaq mənə maraqlıdır. Qalib gəlmək istəyirdim. Azarkeşlərin təxribatı hər zaman olub və yenə də olacaq.
- Riçard Almeydanın durumu nə yerdədir?
- Tam hazır olsa da, onun gedişindən sonra komandada bəzi dəyişikliklər olub. Onun təcrübəsi bizim üçün çox vacibdir. Nə qədər oynamasının fərqi yoxdur. Sadəcə, mən oyunçunu meydana buraxanda ona əmin olmalıyam. Lazım olduğu anda komandaya kömək etməyi bacarmalıdır. Almeyda güvəndiyim oyunçudur və daha yaxşı olacaq. Potensialı və təcrübəsi var.
- Həm çempionatda, həm də avrokuboklarda mübarizə aparmaq çətin olmayacaq?
- Olacaq. Bunun qarşısını almaq üçün oyunçularımızın sayı çox olmalıdır.
- Yeni hücumçu transferi olacaqmı?
- Mütləq hücumçu düşünürəm. Əlimdə oyunçu sayının çox olması yaxşıdır. Mütləq istəyirik ki, bir neçə futbolçu gətirək. Hücumçu, yarımmüdafiəçi, müdafiəçi istəyirik.
- Bu gün meydanda əzmkar, döyüşkən komanda var idi. Bu, Kiprdə baş verən hadisələrdən qaynaqlanırdı?
- Son vaxtlar futbolçularımın əzmkarlığından razıyam. Çətin anlarda mübarizə aparmaqdan çəkinmirlər. Qarabağdakı şanlı qələbəmizdən sonra biz daha əzmkar, möhkəm olmalıyıq. Futbolçular döyüşçü olduqlarını meydanda göstərməlidirlər. İnanıram ki, get-gedə daha yaxşı olacağıq.
- Növbəti mərhələdə böyük ehtimalla rəqibiniz Şotlandiyanın "Aberdin" klubu olacaq. Nə düşünürsüz?
- Hələ bilmirəm. Rəqibimizin kimliyi bəlli olandanda sonra düşünməyə başlayacam.
- "Neftçi"nin Konfrans Liqasındakı şanslarını necə dəyərləndirərdiz?
- Onlara uğurlar arzu edirəm. İstərdim ki, həm onlar, həm də biz qrup mərhələsində oynayaq. Avropada hər oyun bir təcrübədir. Nə qədər fərqli komandalara qarşı oynasaq, bizim xeyrimizədir. İnanıram ki, "Neftçi" Konfrans Liqasının pley-offunda yaxşı nəticə əldə edəcək.
Mənbə: CBC Sport