Klub rəsmiləri maaşlarını tələb edən futbolçuları dəyənəklə döydü - ŞOK HADİSƏ 

İDMAN
09:51 / 22.09.2021
1394

Özbəkistanda futbolçular klub rəhbərliyi tərəfindən döyülüb.

Fanat.Az xəbər verir ki, hadisə "Surxan" klubunda baş verib.

Belə ki, komandanın sabiq üzvləri Javoxir Esonkulov və Akrom Xodjayev rəhbərlikdən maaşlarını tələb edib. Bu zaman klub rəsmiləri onları taxta dəyənəklərlə döyüblər. Bu barədə futbolçular özləri məlumat verib.

Esonkulov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, 4 nəfər tərəfindən döyüldüyünü bildirib. Daha sonra Esonkulovun həyat yoldaşı Ruşana Mirsadıkova "Instagram" səhifəsində ərinin fotosunu paylaşaraq, onun fiziki təzyiqə məruz qaldığını yazıb: 

"Əvvəlcə klubdan oyunçulara deyilib ki, maaşları ödəməyə hazırdırlar. Bundan sonra onlar ofisə dəvət olunublar. Klubun ofisinə ilk olaraq Xodjayev getdiyi üçün əvvəlcə onu otağa salıblar. Futbolçunu pəncərədən atacaqları ilə bağlı hədələyiblər. Ardınca isə ərimi döyüblər. Hadisənin ört-basdır etmək üçün onlara yeni köynəklər geyindiriblər".

Mirsadıkova klub rəhbərliyinin futbolçuların heç bir quruma müraciət etməmələri üçün onları hədələdiyini əlavə edib: "Oyunçulara deyilib ki, onsuz da heç kəs sizə kömək etməyəcək".

0