Üç boksçumuz DÇ-nin yarımfinalında

İDMAN
23:43 / 02.11.2021
1475

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.

HİT.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü qüvvəsini sınayıb.

AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso Dominqes (86 kq) 1/4 finalda rusiyalı Şarabutdin Atayevlə döyüşüb.

Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (29:28, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Alfonso növbəti qarşılaşmasında kubalı Ruis Kordoba ilə üz-üzə gələcək.

Avropa Oyunlarının qalibinin uğurunu Məhəmməd Abdullayev də təkrarlayıb. +92 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Yonas Yazeviçius (Litva) və Vladan Babiçin (Serbiya) ardınca Narenderə (Hindistan) gücünü göstərib.

O, bu gün keçirilən 1/4 finalda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində özü üçün ən azı bürünc medalı təmin edən Abdullayev yarımfinalda Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq.

İlk iki mərhələdə Stefen Nevns (Şotlandiya) və Yuta Akiyamanı (Yaponiya) məğlub edən Sərxan Əliyev (71 kq) 1/4 finalda Obed Barti (ABŞ) ilə döyüşüb.

Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. Yarımfinala vəsiqə qazanmaqla özü üçün ən azı bürünc medalı təmin edən Əliyev final üçün ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.

Monqolustanlı Enxmandağ Xarxuuya, daha sonra puerto-rikolu Yankiel Riveraya qalib gələn Məsud Yusifzadə (51 kq) 1/4 finalda tailandlı Tanarat Saengfetlə münasibətinə aydınlıq gətirib. Təmsilçimiz uduzduğundan rəqib mərhələ adlayıb və Yusifzadə mundialı 5-ci pillədə bitirib.

Qeyd edək ki, dünya çempionatında sabah istirahət günüdür. Yarımfinal qarşılaşmalı noyabrın 4-də baş tutacaq. Növbəti 2 gündə isə final görüşləri təşkil olunacaq.

0