Portuqaliyanın "Belenenseş" klubunun 13 futbolçusu koronavirusun yeni növ "Omikron” ştamına yoluxub.
Hit.az Azxeber.com-a istinadən xəbər verir ki, Bu, Portuqaliyada yeni ştama ilk yoluxma hadisəsidir.
Qeyd edək ki, "Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı keçirilən matça cəmi 9 futbolçu ilə çıxıb. Onlardan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu mövqeyində çıxış edib.
Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.